18 Oktyabr 2019 18:13
1 007
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meksikanın Şinalo ştatında “El Çapo” ləqəbli narkotik baronu Xoakin Qusmanın oğlu Ovidiyo Qusman Lopezin saxlanılmasından sonra şəhərdə şiddətli qarşıdurma başlayıb. Etirazçılar şəhəri yandırır.

Teleqraf.com xəbər verir ki, Şinalo narkotik kartelinin silahlı dəstələrinin polis və hərbçilərlə qarşıdurması Kulikan şəhərində narahatlığa səbəb olub.

Meksikalı rəsmilərin şiddətli olayların qarşısını almaq üçün Ovidiyo Qusman Lopezin sərbəst buraxılmasını istəyib.

Son gəlişmələrdən sonra Meksika dövlət başçısı Anders Manuel Lopez Obrador təhlükəsizlik strukturlarının təcili toplantısını çağırdığı bildirilib.

Obrador seçilməmişdən əvvəl narkotik mafiyası ilə mübarizə aparacağı vədini vermiş və bu məqsədlə yeni təhlükəsizlik komandası formalaşdırmışdı.

Hökumətin məlumatına görə, kartel üzvləri Ovidiyo Qusmanı polisdən almaq üçün hüquq mühafizə orqanlarının əməkdaşlarına silahlı hücuma keçib. İriçaplı silahlarla hücuma keçən maskalı şəxslər hərbçilər və polislərlə üz-üzə gəlib. Silahlı hücuma başlayan kartel üzvləri bununla sakitləşməyərək, şəhərin küçələrini yanğına verib.

Silahlı şəxslər şəhərin ən böyük küçələri qarşısında yanan avtomobillərdən sədd quraraq, şəhərə girişi əngəlləyib.

20 yaşlarda olduğu deyilən Ovidiyo Qusman Lopez atasının 2 il əvvəl ABŞ-da məhkəməyə çıxarılmasından sonra kartelin liderlərindən biri olub.

Meksika mediası Lopezin ABŞ-da axtarılanlar siyahısında olduğunu yazıb. Ələ keçməsindən sonra Lopezin də atası kimi mühakimə olunması üçün ABŞ-a təhvil veriləcəyi deyilib.

62 yaşlı El Çapo 2017-ci ildə ABŞ-da ömürlük azadlıqdan məhrum edilib. 2009-cu ildə “Forbes” jurnalının dünyanın ən zəngin insanları siyahısında 701-ci yerdə olan Qusmanın sərvətinin təxminən 1 milyard dollar olduğu iddia edilir.


Müəllif: Mənsur Rəğbətoğlu