23 Oktyabr 12:37
453

“YPG terrorçuları 150 saat ərzində Suriya ərazilərinin 30 kilometr içinə doğru geri çəkiləcək”.

Teleqraf.com xəbər verir ki, Rusiya ilə əldə edilən anlaşmadan sonra Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu son gəlişmələr haqda önəmli açıqlamalar verib.

Nazirin sözlərinə görə, 150 saat müddət başa çatdıqdan sonra Kobanidən İraq sərhədinədək 10 km dərinlikdə Rusiya ilə birlikdə patrul xidməti aparılacaq:

“Amma bir istisna var, rejim ordusu ilə üz-üzə gəlməmək üçün birgə patrul xidməti məsələsində Qamışlı şəhəri kənarda qalacaq. Bu o demək deyil ki, YPG bu bölgədə olacaq.

Paralel olaraq, YPG Menbiç və Təl-Rıfatdan da çıxarılacaq. Beləliklə, bölgədə terror dövlətinin qurulmasının qarşısını aldıq. Önəmli olan terrorçuların bölgədən çıxarılması idi və təhlükəsizlik bölgəsində regional idarəetmə sistemi qurulacaq”.

Çavuşoğlu Suriyanın Bəşər Əsəd hökuməti ilə təmaslara da toxunub:

“Hazırda rejimlə siyasi əlaqələr yoxdur, olsa da ancaq kəşfiyyat əlaqələri ola bilər. Siyasi əlaqə istəsə də, bu rejimin elə bir nüfuzu yoxdur”.

Türk nazir qeyd edib ki, suriyalı qaçqınların geri qaytarılaraq təhlükəsizlik bölgəsində yerləşdirilməsi işi Rusiya ilə birlikdə aparılacaq: “Bu məsələdə Rusiya ilə birlikdə işləyəcəyik. Avropanın üç ölkəsi ilə də bir araya gəlmək ehtimalı var”.

Mövlud Çavuşoğlu Rusiya və Türkiyənin bölgədə birgə patrul xidmətini həyata keçirəcəyini deyib:

“Patrul xidməti 10 kilometr dərinliyədək aparılacaq. Ortaq patrul xidmətində vaxt məhdudiyyəti yoxdur, bu, Suriya məsələsi siyasi həllini tapanadək aparılacaq”.

Əlavə edək ki, dünən Rusiya və Türkiyə prezidentləri – Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Soçidə Suriya probleminə dair anlaşma imzalayıb.


Müəllif: Mənsur Rəğbətoğlu