23 Oktyabr 14:25
547

“Ermənistan baş nazirinin gizli qərarından bəlli oldu ki, nazirlər və nazir müavinləri əlavə maaş alırlar. Bu məsələdə ən təhlükəli məqam, şübhəsiz ki, bu qərarın gizli saxlanılması ilə bağlıdır”.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Alternativ Layihələr” qrupunun bəyanatında deyilir.

Bəyanatda qeyd edilib ki, Ermənistanın yeni hökumətinin şəffaflığı haqqında mif bir saniyə ərzində buxarlanıb:

“Baş nazirin nazirlərə və nazir müavinlərinə əlavə maaş verilməsi ilə bağlı gizli qərarında Nazirlər Kabinetinin rəhbər şəxsi yer almır. Belə çıxır ki, baş nazirdən fərqli olaraq, nazirlər və müavinləri yaxşı işləyir, daha çox gəlir əldə edirlər. Əgər onun bu qərarının əsasasını vəzifəli şəxslərin layiqli həyat səviyyəsini təmin etmək istəyi təşkil edirsə, bəs niyə bu baş nazirə aid deyil? Baş nazirin başqa gəlir mənbələri olduğu və aldığı əmək haqqının rəmzi xarakter daşıdığı qənaətinə gəlmək olar.

Belə bir gizli məsələ ictimailəşibsə, digər sürprizlərin ola biləcəyini güman etmək olar. Məsələn, keçmiş korrupsioner məmurlardan müsadirə olunan vəsaitlərin büdcəyə deyil, tamamilə fərqli hesablara köçürüldüyü barədə məlumatlar ortaya çıxa bilər”.

Bəyanatda qeyd edilib ki, Paşinyanın gizli fəaliyyətinin üstünün açılması hökumətin mətbuat katibi Vladimir Karapetyanın açıqlamalarından irəli gəlib.

Bundan əvvəl Vladimir Karapetyan nazirlərin və onların müavinlərinin maaşlarının gizli şəkildə qaldırması məsələsinə bir neçə dəfə aydınlıq gətirmişdi.

Onun sözlərinə görə, bu müddətdə gizli fəaliyyət icra olunmayıb. Üstəlik Paşinyanın nümayəndəsi “heç bir nazirin maaşını gizli şəkildə artırmaq olmaz” demişdi.


Müəllif: Mənsur Rəğbətoğlu