23 Oktyabr 23:57
374

“Livan hökuməti altı gündür davam edən kütləvi etiraz aksiyaları səbəbiylə ölkədə fövqəladə vəziyyət rejimi tətbiq etmək niyyətində deyil”.

Teleqraf.com xəbər verir ki, bu barədə Livan Baş naziri Saad Haririnin ofisindən verilən açıqlamada bildirilib.
Məlumatda qeyd edilib ki, nümayişçilərə mitinqləri üçün paytaxt Beyrutun mərkəzindəki meydanlardan istifadə etməyə icazə verilir.

Ancaq Livan hakimiyyəti paytaxtın girişində şəhərin həyatını iflic edən avtomobil yollarının bağlanmasını yolverilməz hesab edir. Buna görə bəyanatda deyilir ki, respublikanın Daxili İşlər Nazirliyinə Beyrutu əyalətlərlə birləşdirən bütün əsas yolların açılması tapşırığı verilib. Livan ordusu bu işdə polisə kömək edəcək.

“Al Mayadeen” telekanalının verdiyi məlumata görə, bu gün koalisiya kabinetinin sosial-iqtisadi bloku nazirlərinin qanunsuz mənimsənilmiş dövlət vəsaitlərinin geri qaytarılması ilə bağlı qanun layihəsinin müzakirəsinə həsr olunan iclası keçiriləcək. Etiraz hərəkatının iştirakçıları israrla belə bir tələb irəli sürmüşdü.
Etiraz edənlərin böyük bir qrupu hazırda Beyrutun qərbindəki əsas ticarət arteriyası olan Hamra prospektində nəqliyyatın hərəkətini əngəlləyərək Livan Mərkəzi Bankının binasını mühasirəyə alıb. Siyasi fəallar korrupsiyada ittiham olunan keçmiş və indiki nazirləri məsuliyyətə cəlb etməyə çağıran şüarlar səsləndirir.
Bundan əvvəl, Beyrutun mərkəzindəki mitinqdə nümayişçilər ölkəni bürümüş kütləvi etiraz dalğasına cavab olaraq, Saad Haririnin kabineti tərəfindən hazırlanmış anti-böhran planını rədd edib:

“Biz bu hökumətin istefası, parlamentin ləğvi və növbədənkənar seçkilərin keçirilməsi tələbimizi qaldırmışıq”.


Müəllif: Mənsur Rəğbətoğlu