“Ermənistan tərəfinin kobud səhvləri üzündən Qarabağ danışıqlarında mövqelərimizin zəifləməsi müşahidə olunur. Baş nazirin “Qarabağ Ermənistandır və nöqtə!” ifadəsi danışıqları xalqların öz müqəddəratını təyin etmə prinsipindən uzaqlaşdırmaqla bizim üçün arzuolunmaz müstəviyə apardı”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Robert Köçəryan qələmə aldığı məqalədə bildirib.
Onun fikrincə, Ermənistan rəhbərliyinin ziddiyyətli açıqlamaları, nizamlanmaya dair açıq şəkildə ortaya qoyulmuş mövqenin olmaması erməni tərəfinin konstruktivliyinə şübhə yaradır:
“Üstəlik, mövqeyimizi bu cür ifadə etmək münaqişənin həll prosesini vasitəçilik missiyasından (Minsk qrupu) kənara çıxarır.
Atəşkəs potensialı da azalıb, çünki dünya birliyi arasında qlobal ziddiyyətlərin böyüməsi səbəbindən sülhün qorunması üçün imkanlar məhdudlaşır. Həm də başa düşməliyik ki, bu dəfəki müharibənin miqyası və dağıdıcı nəticələri indiyə qədər baş verənlərdən müqayisə edilməz səviyyədə olacaq. Münaqişə tərəfləri həddən artıq silahlanıb. Bəlkə də hazırkı hökumət bunu vaxtında dərk edəcək.
Qarabağ və Ermənistanın siyasi elitaları arasındakı mürəkkəb münasibətlər, müharibə qəhrəmanlarının ruhdan düşməsi, döyüşlərdə iştirak edən generalların aşağılanması, həlak olmuş hərbçilərin xatirəsinə hörmətsizlik ölkəmiz üçün son dərəcə təhlükəlidir”.
Robert Köçəryan son illərdə Azərbaycan Silahlı Qüvvələrinin hiss olunacaq dərəcədə güclənməsinə də diqqət çəkib və bunun da ehtimal olunan savaşda Ermənistanın lehinə olmayacağını bildirib.