Gürcüstanın işğal edilmiş Abxaziya bölgəsində yaşayan erməni icmasının nümayəndəsi Ruben Tatulyan (Robson) “prezident seçkisi”ndə iştirak etmək niyyətindədir.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Jamanak” qəzeti məlumat yayıb.
Nəşr Tatulyanın seçkilərdə iştirakına baxmayaraq, qondarma respublikada yaşayan ermənilər müxalifətin namizədi Alxas Kvitsiniyaya səs verəcəyini yazıb. Rusiyanın Soçi şəhərindəki abxaziyalı ermənilərin seçimi isə “respublika”nın hazırkı başçısı Raul Xacimbadır.
“Seçki” ərəfəsində Xacimbanın Tatulyanla görüşü də diqqət çəkib. Abxaziya başçısı Soçidə yaşayan ermənilərin “seçki”də iştirak edəcəyi halda, onlara “Abxaziya vətəndaşlığı” veriləcəyini bildirib.
Hazırda Abxaziyada yaşayan ermənilərin və “abxaziyalı” adlandırılan Soçi ermənilərinin hansı ölkə vətəndaşlığını daşıdığı bildirilmir. Bu ermənilərin Gürcüstan vətəndaşlığında olduğu ehtimal edilir.