Rusiyanın Smolensk vilayətinin Xolm-Jirkovski rayonunun başçısı Oleq Makarov yanğın söndürərkən həlak olub.
Teleqraf.com xəbər verir ki, bu barədə bölgənin qubernatoru Aleksey Ostrovski “Tvitter” səhifəsində məlumat verib:
“Dünən (8 noyabr) başqasının evini bürümüş yanğını söndürərkən Xolm-Jirkovski rayonunun başçısı Oleq Petroviç Makarov həlak olub. O, çox yaxşı insan və əla başçı idi. Bu, həm onun ailəsi, həm də cəmiyyət üçün böyük itkidir”.
TASS isə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional şöbəsinə istinadən xəbər verir ki, məmur yanğını əldə olan vasitələrlə söndürməyə çalışıb, həmçinin əmlakın yanan mənzildən çıxarılmasına kömək edib.
Daha sonra Makarov özünü pis hiss edib, o xəstəxanaya yerləşdirilib. Məmur xəstəxanada vəfat edib.