11 Noyabr 2019 16:30
587
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Dnepr şəhərində Azərbaycanın Dövlət Bayrağı Günü və mütəfəkkir şair İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi ilə bağlı təntənəli tədbir keçirilib.

Teleqraf.com xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayət təşkilatının təşkilatçılığı ilə Alfreda Nobel adına Universitetin akt zalında keçirilən tədbirdə Xarkov vilayətinin deputatları, Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşları, diaspor nümayəndələri, yerli KİV-lər iştirak edib.

Tədbirdən öncə Universitet qarşısında Azərbaycanın üçrəngli bayraqları ilə bəzədilmiş aksiya keçirilib. Sonra Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev universitetdə yaradılan şəraitlə tanış olub, yerli telekanallara Dövlət Bayrağı günü və Nəsiminin 650 illik yubileyi ilə bağlı dünyada keçirilən tədbirlər barədə müsahibə verib. Daha sonra tədbir Azərbaycan və Ukraynanın dövlət himnlərinin səslənməsi ilə başlayıb.

Tədbirdə çıxış edən səfir A.Xudiyev bildirib ki, Prezident İlham Əliyev xalqımızın mənəvi dəyərlərinə, dövlət rəmzlərinə böyük önəm verir: “Dövlət Bayrağı Meydanının yaradılması və Dövlət Bayrağı Gününün təsis olunması bunun bariz təsdiqidir. Bu gün paytaxtla yanaşı, regionlarda da müasir bayraq meydanlarının tikilməsi xalqımızın milli qürur mənbəyi – dövlət bayrağımıza olan dərin sevgidən qaynaqlanır. Bundan başqa milli irsimizin qorunması istiqamətində görülən işlər, o cümlədən 2019-cu ilin “Nəsimi il”i elan edilməsi qürurvericidir”.

A.Xudiyev vurğulayıb ki, Ukraynada da “Nəsimi ili” çərçivəsində səfirliyin təşkilatçılığı ilə Kiyevdə dahi mütəfəkkirin heykəli ucaldılıb, onun adını daşıyan çoxfunksiyalı binanın təməli qoyulub, müxtəlif şəhərlərdə tədbirlər keçirilib. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayət təşkilatının sədri Nəcəf Əhmədov çıxışında bildirib ki, artıq illərdir Dövlət Bayrağı günü ölkəmizlə yanaşı Ukraynada da təntənəli şəkildə qeyd edilir. Bayraq gününümüzün qeyd edilməsi xalqımızın milli həmrəyliyini göstərir.

Dnepropetrovsk vilayətinin deputatı, həmyerlimiz Qoşqar Muxtarov çıxışında Ukraynanın ən böyük sənaye mərkəzlərindən olan Dneprdə Dövlət Bayrağı günü və Nəsiminin 650 illik yubileyinin yüksək səviyyədə keçirilməsinin xalqlarımız arasındakı sarsılmaz dostluğun əyani təzahürü olduğunu vurğulayıb. O, bayram münasibətilə dost və qardaş xalqlarımıza sülh və əmin-amanlıq arzulayıb.

Xarkov vilayətinin deputatı Nikolay Slobodyanyuk, Dnepr şəhərinin Çeçelovsk rayon administrasiyasının rəhbəri Nataliya Keda və digər natiqlər çıxışlarında iki ölkə arasında tarixi münasibətləri qeyd ediblər.

Daha sonra tədbirdə Nəsimi və Dövlət Bayrağımız haqqında qısa film nümayiş etdirilib. Ukraynanın Xalq artisti Qurban Abbasovun, “Çinar” rəqs qrupunun milli rəqs və mahnı ansambllarının, Azərbaycandan gələn muğam ustadlarımızın ifasında rəngarəng konsert proqramı nümayiş etdirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər