Boliviyanın keçmiş prezidenti Evo Morales vətəninə dönməyə hazır olduğunu söyləyib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə “El Pais” qəzetinə verdiyi müsahibədə bəyan edib.
“Əlbəttə, qayıtmağa hazıram”, – deyə o Boliviyadakı böhranı həll etmək üçün vətənə dönə biləcəyini bildirib. Ancaq əlavə edib ki, yenidən hakimiyyətə qayıtmayacaq və ya prezidentliyə namizəd olmayacaq.
Morales, həmçinin istefaya razılıq verdikdən sonra da ölkədə zorakılığın davam etdiyini vurğulayıb.
“Mən milli dialoq üçün xahiş edirəm”, – deyə o qeyd edib.
Noyabrın 10-da Boliviyanın yüksək rəhbərliyi, o cümlədən Morales ölkədəki etirazlar fonunda istefa verib. Sonradan məlum oldu ki, Meksika hakimiyyəti Boliviyanın keçmiş liderinə siyasi sığınacaq verməyə razılıq verib.
Morales Boliviyada hakimiyyət dəyişikliyini ölkə tarixinin “ən məkrli və ölümcül zərbəsi” adlandıraraq siyasi səbəblərə görə ölkəni tərk etməsindən kədərləndiyini etiraf edib.