İranda hökumətin benzinin qiymətini üç dəfə artırmasına etiraz olaraq onlarla şəhərdə kütləvi aksiyalar başlayıb.
Teleqraf.com xəbər verir ki, noyabrın 15-də axşam saatlarında başlayan kütləvi etirazlar Məşhəd, Əhvaz, Sircan və digər şəhərləri əhatə edir.
Sircanda etirazçılar neft anbarına yandırmaq istəyərkən polisin müqaviməti ilə qarşılaşıb. Nəticədə etirazçılarla polislər arasında baş verən qarşıdurmada 1 nəfər həlak olub.
Şiraz, Bəndər Abbas, Kirman, Kərəc, Dezful, Gəçsaran, Abadan, Xürrəmşəhr, Behbəhan, Brucen və digər şəhərlərdə də keçirilən kütləvi etirazlarda aksiyaçılar küçələri bağlayaraq, benzinin bahalaşması ilə bağlı qərarın ləğv olunmasını tələb edib.
Məşhəddə keçirilən etirazlarda ölkənin dini lideri və prezidentə qarşı müxtəlif şüarlar səsləndirilib. Polis qüvvələri etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib, etirazçılar isə avtomobilləri şüşələrini sındırıb.
Sistan-Bəlucistan şəhərlərində də hakimiyyət əleyhinə küçə etirazlarının keçirildiyi, polisə qarşıdurmaların yaşabndığı bildirilir.
Xatırladaq ki, İran Dövlət Neft Şirkəti noyabrın 14-də benzinin qiymətini üç dəfə artırıb.