“Amerikalı milyarder Corc Sorosun fondunun bir qolu olan Açıq Cəmiyyət İnstitutunun İrəvandakı ofisi Ermənistanın təhlükəsizliyinə təhdid yaradır”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan söyləyib.
Keçmiş direktorun sözlərinə görə, o, Soros ofisinin fəaliyyətində təhlükə aşkar edib, lakin o bunun nədən ibarət olduğunu deməyib.
Vanetsyan Ermənistanda xaricdən maliyyələşən siyasi qüvvələrin olduğunu da təsdiq edib, amma hansı siyasi qüvvə və ya qüvvələrdən bəhs etdiyini açıqlamayıb. O, yalnız bunu bildirib ki, həmin siyasi partiyalar Sorosun planlarını həyata keçirmək üçün aktiv fəaliyyət göstərir. Habelə bu qüvvələrin hökumətin və ya müxalifətin düşərgəsində olub-olmadığı sualına cavab verməyib.
Vanetsyan eyni zamanda keçmiş prezident Serj Sərkisyanın 2008-ci il 1 mart hadisələrinə görə həbs edilib-edilməyəcəyi ilə bağlı suala cavab verməkdən imtina edib: “Vaxt gələcək, danışacağam və fikirlərini təqdim edəcəyəm”.
O, keçmiş prezident Robert Köçəryanın sorosçu qüvvələrin siyasi sifarişi ilə həbs edilməsi haqda da danışmayıb və bu barədə ünvanlanan sualı cavabsız qoyub.