Ermənistanın daxili siyasi həyatında yeni siyasi qütblərin konsolidasiyası baş verir, əsas hədəf Baş nazir Nikol Paşinyan və onun komandasıdır.
Teleqraf.com erməni KİV-ə istinadən xəbər verir ki, yeni qurulan siyasi hərəkatlar və qüvvələr fərqli formatlarda birləşmək haqda qərar verib.
“Vernatun”, “Adekvat”, “VETO” və digər qüvvələr koalisiya yaratmaq və Paşinyan komandasına qarşı mübarizənin miqyasını artırmağı planlaşdırır.
Respublikaçı Partiyasını təmsil edən Ermənistanın keçmiş hakimiyyəti yenidən təşkilatlanmağa başlayıb, bu çərçivədə gənclərlə sistemli görüşlər keçirir. Gənclərdən ibarət ayrıca birliyin qurulacağı da müzakirə mövzusuna çevrilib.
Son seçkilərdə parlamentə girə bilməyən keçmiş hakim partiya və ya Köçəryan-Sərkisyan bloku (“Qarabağ klanı”) öz gücü ilə sistemli mübarizə apara bilməyəcəyini anlayaraq, digər qüvvələrlə birləşməyə çalışır.
Eyni çətir altında birləşmək barədə qərar verən qüvvələrin Nikol Paşinyanın iqtisadi, xarici, o cümlədən Qarabağ siyasətini tənqid edənlərdən ibarət olması da diqqətdən yayınmır. Yeni birliyin Paşinyanın qarşısına hansı strategiya və tələblərlə çıxacağı isə naməlumdur.
Qeyri-müəyyənlik ehtiva edən strategiya və proqramlar ətrafında yaranan siyasi aktivlik və Paşinyan komandasına başlayan qara piarın Ermənistanda sabitliyi poza biləcəyi də müzakirə mövzusudur.