2 Dekabr 2019 15:05
769
12 Punto 14 Punto 16 Punto 18 Punto

Samoada kor epidemiyası nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb, bununla yanaşı 3,7 min nəfərdən çox insanın bu xəstəliyə yoluxduğu qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkə hökuməti məlumat yayıb.

Daha əvvəl – dekabrın 1-də isə 48 nəfərin öldüyü və 3500 nəfərin bu xəstəliyə yoluxduğu bildirilmişdi.

Hökumətin “Tvitter”də yerləşdirdiyi məlumata görə, epidemiyanın kütləvi şəkildə yayılmasından bəri 3728 yoluxma hadisəsi qeydə alınıb ki, onların da 198-i son sutka ərzində meydana çıxıb.

Ölənlərin əksəriyyəti 4 yaşınadək uşaqlardır: 53 ölümün 48-i. Son 24 saat ərzində bu yaş qrupundan daha 96 nəfərin xəstələndiyi məlum olub.

Samoa Səhiyyə Nazirliyi ilk ölümlərin qeydə alındığı oktyabrın 16-dan epidemiya elan edib. Səlahiyyətlilər ölkədə kütləvi peyvəndləməyə başlanıldığını noyabrın 18-də bildiriblər. Həmin vaxtdan bəri 58 mindən çox insan peyvənd edilib.

Kor – hava-damcı yolu ilə ötürülən kəskin yoluxucu virus xəstəliyidir. Xəstəliyə yoluxmanın azaldılmasının əsas yolu peyvəndləmədir.

Samoa Sakit okeanın cənub hissəsində yerləşən ada dövlətidir. Ərazisi 2832 km², əhalisi 187 820 nəfərdir.


Müəllif: Səxavət