2 Dekabr 2019 22:28
790
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin Milli Enerji Administrasiyasının keçmiş sədri Nur Bekri korrupsiya ittihamı ilə aparılan cinayət işi üzrə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilib.

Teleqraf.com xəbər verir ki, Şenyan şəhəri xalq məhkəməsi belə bir qərar çıxarıb. Qərara əsasən, Nur Bekri ömürlük siyasi hüquqlardan məhrum edilib və bütün şəxsi əmlakı müsadirə olunub. Məhkəmənin gedişində keçmiş məmurun 1998-2018-ci illərdə müxtəlif vəzifələrdə çalışarkən səlahiyyətlərindən sui-istifadə etməklə, qeyri-qanuni yolla külli miqdarda vəsait əldə etdiyi sübuta yetirilib.

Onun qanunsuz yola əldə etdiyi varidatın 79,1 milyon yuan (11,26 milyon ABŞ dolların) olduğu bildirilir.

Nur Bekri məhkəmə prosesində ittihamları qəbul edərək peşman olduğunu bildirib, qanunsuz yola əldə etdiyi əmlakı dövlətə təqdim edib.

O, apellyasiya şikayəti verməyəcəyini deyib.

Qeyd edək ki, Çin Kommunist Partiyasının İntizam Komissiyası və Milli Nəzarət Komissiyası ötən ilin sentyabrında keçmiş məmur haqqında qanun pozuntularına yol verilməsi ilə əlaqədar təhqiqata başlayıb.

Bu ilin martında isə o, partiya sıralarından və vəzifəsindən uzaqlaşdırılıb. Nur Bekri Çin Milli Enerji Administrasiyasının sədri vəzifəsindən əvvəl Milli İnkişaf və İslahat Komissiyasının sədr müavini, Sincan Uyğur Muxtar Rayonu hökumətinin sədri, Urumçi şəhərinin meri vəzifələrində çalışıb.


Müəllif: Teleqraf.com