Rus xalqı dünyada ən çox bölünmüş xalqdır, SSRİ dağılandan sonra xaricdə 25 milyondan çox insanımız qalıb.
Teleqraf.com xəbər verir ki, bunu Avropa Parlamentində keçirilən 13-cü Avropa-Rusiya Forumunda çıxışı zamanı Rusiyanın Avropa İttifaqındakı nümayəndəsi Vladimir Çijov deyib.
“Rusiya Federasiyasının Prezidenti Vladimir Putin SSRİ-nin dağılmasının Rusiya xalqı üçün ən böyük faciə olduğunu dəfələrlə söyləyib. O, bunu deyərkən SSRİ-nin dağılmasının böyük humanitar nəticələr doğurduğunu nəzərdə tutub. Belə ki, 25 milyon etnik rus öz iradələrinin əleyhinə olaraq bir gecədə tarixi vətənlərinin hüdudlarından kənarda qaldılar. Rus xalqı dünyada ən çox bölünmüş xalqdır. Biz bu faciənin nəticələrini hələ də yaşayırıq”, – deyə Çijov bildirib.
Diplomat qeyd edib ki, “Sovet İttifaqının dağılmasından sonra sovet geosiyasi irsi uğrunda mübarizə bu günə qədər davam edir. Onun başlıca alətləri “Soyuq müharibə”nin arsenalından götürülən rusofob təbliğat, rus xalqına qarşı böhtanlar, rus xalqının dünya tarixindəki roluna yenidən baxmağa edilən cəhdlərdir”.
Avropa-Rusiya Forumu hər il Avropa Parlamentində keçirilir. Forum Latviyadan olan avroparlamentari Miroslav Mitrofanov tərəfindən təşkil olunur. Forumda Avropa və Rusiyadan olan deputatlar, diplomatlar, ictimai və din xadimləri, alimlər və jurnalistlər, Rusiyanın Avropa İttifaqı ölkələrindəki nümayəndələri iştirak edirlər.