10 Dekabr 2019 15:00
2 130
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya-Belarus ittifaqının qurulması istiqamətində aparılan danışıqlar, Şərqi Avropa üçün mənfi nəticələr verməklə yanaşı, Moskvanın MDB məkanında apardığı aqressiv siyasəti daha da gücləndirəcək. Belarus Prezidenti Lukaşenko dəfələrlə ölkəsinin müstəqil olduğunu xüsusi vurğulasa da, həmkarı Putinlə ittifaqın qurulması istiqamətində danışıqları da davam etdirir. Hesab edirəm ki, bu, Belarusun müstəqilliyinin itirilməsinə və ya Rusiyanın tam nəzarətinə keçməsinə gətirə bilər”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspertin fikrincə, Rusiya və Belarusun bir ittifaqda birləşməsi xüsusən Baltikyanı ölkələr və Polşa üçün ciddi təhlükəsizlik problemlərinə yol açacaq:

“Putin iqtisadi təzyiqlər vasitəsilə çalışır ki, Belarusla ittifaqı rəsmiləşdirsin. Amma hələlik Lukaşenko Qərblə Rusiya arasında manevrlər edə bilir, o, Rusiyadan ciddi iqtisadi güzəştlər əldə etməyə çalışır. Təbii ki, bunun qarşılığında Moskvanın da Minskdən gözləntiləri var.

Ötən həftə iki dövlətin lideri Soçidə bir araya gələrək danışıqlar aparıb. Tərəflər ortaq məxrəcə gəlməsə də, Moskvanın Minsk üzərindəki ciddi siyasi-iqtisadi təzyiqləri hiss olunur. Görünür, Putin MDB-yə nəzarəti ələ keçirmək üçün ilk növbədə Belarusun Rusiyaya birləşdirməsinə çalışır. Hesab edirəm ki, Belarus Rusiyanın orbitində qalan günədək MDB üçün rus təhlükəsi aradan qalxmayacaq”.

Məhəmməd Əsədullazadə xatırladıb ki, vaxtilə Rusiya Ukrayna və Belarus vasitəsilə SSRİ-ni quraraq bölgədəki digər dövlətləri də öz təsir dairəsinə salmışdı:

“Putin də öz dəsti-xətti ilə yeni dünya nizamı qurmağa cəhdlər edir. Qərb Ukraynanı Rusiyadan qoparsa da, təhlükə hələ sovuşmayıb. Digər yandan isə Belarusu özünə birləşdirməyə çalışan Rusiya Şərqi Avropa və Cənubi Qafqazda Qərblə üz-üzə qalıb. Amma Gürcüstan hakimiyyətinin Moskva ilə yaxınlaşmaq siyasəti Qərbi çətin vəziyyətdə qoyur, Putinə planı həyata keçirmək üçün şərait yaradır.

Buna baxmayaraq, hesab edirəm ki, Putinin MDB ilə bağlı siyasi planları perspektivdə mümkün görünmür. Qənaətimə görə, NATO və ABŞ rus təhlükəsinin daha geniş areala yayılmasının qarşısını ala biləcək”.


Müəllif: Mənsur Rəğbətoğlu