10 Dekabr 2019 20:44
525
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Vladimir Zelenski arasında dünən baş tutan görüşdə ciddi irəliləyişə nail olunmadı. Sülh prosesi Ukrayna ilə Rusiya arasında Minsk razılaşmaları əsasında gedir. Ziddiyyətli məqam anlaşmaların təhlükəsizlik və siyasi hissələrinin yerinə yetirilməsi ardıcıllığı barədədir. Görüşdən sonra verilən açıqlamalar göstərir ki, problem həllini tapmayıb.

Bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq Şahin Cəfərli Putinlə Zelenskinin görüşünü şərh edərkən deyib.

Onun sözlərinə görə, Rusiya razılaşmanın əvvəlcə siyasi, sonra təhlükəsizlik hissəsinin yerinə yetirilməsində maraqlıdır: “Ukrayna isə əksinə düşünür, bildirir ki, Rusiya tərəfindən əvvəlcə təhlükəsizlik hissəsi yerinə yetirilməlidir, sonra öz üzərinə düşən siyasi öhdəlikləri icra edəcək. Siyasi məsələlər dedikdə qeyd olunur ki, Ukrayna Donbasın ayrı-ayrı rayonlarına, yəni separatçıların nəzarətində olan bölgəyə xüsusi status verməli və bu statusu öz Konstitusiyasına daxil etməli, döyüşlərdə iştirak edən hər kəsə amnistiya tətbiq edilməli və həmin ərazilərdə seçki keçirilərək yerli hakimiyyət orqanları formalaşmalıdır. Təhlükəsizlik hissəsinə gəlincə, həmin ərazilərdə bütün qanunsuz silahlı dəstələr, xarici vətəndaşlar və onların silahları, texnikası çıxarılmalıdır. Rusiyanın adı çəkilməsə də, aydındır ki, Rusiya nəzərdə tutulur, bütün hərbi texnikasını ərazilərdən çıxarmalıdır. Ukrayna-Rusiya sərhəddinin Donbasdan keçən hissəsində təxminən 400 km-lik ərazi Ukraynanın nəzarətindən çıxıb və oraya hazırda separatçılar və Rusiya nəzarət edir. Minsk razılaşmalarında belə bənd də var ki, həmin sərhəd xətti Ukraynanın nəzarətinə qaytarılmalı, sözügedən ərazilərdə Ukraynanın qanunları, suverenliyi bərpa olunmalıdır, yalnız bundan sonra siyasi hissəni yerinə yetirməyə hazırdır. Rusiya isə bildirir ki, hazırki şəraitdə seçki keçirilsin, orada yerli orqanları formalaşsın, ondan sonra sərhəddi Ukraynaya qaytara bilərik”.

Şahin Cəfərlinin fikrincə, əsirlərin mübadiləsi, atəşkəsin davamlı olaraq təmin edilməsi və sair məsələlərlə bağlı razılıq əldə olunduğu bildirilsə də, bunlar ikinci dərəcəli məsələlərdir: “Əsas ziddiyyət yaradan məqamlar hələ də qalır. Putinlə Zelenskinin görüşü tam nəticəsiz qalmayıb, dialoq davam edəcək, növbətin görüşün təxminən 4 ay sonra keçirilməsi planlaşdırılıb. Dialoq davam edirsə, deməli hansısa irəliləyiş, nəticə var, prinsipial məsələlər həllini tapmasa, problemin çözümündən danışmaq mümkün deyil”.


Müəllif: Nərgiz