11 Dekabr 2019 14:10
3 290
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni hüquq müdafiəçisi Artur Sakunts Ermənistan Milli Təhlükəsizlik Xidmətini (MTX) ölkənin milli maraqlarını satmaqda ittiham edib.

Teleqraf.com xəbər verir ki, tanınmış hüquq müdafiəçisi MTX-ni xarici ölkələrin maraqlarına xidmət edən “agentlərdən ibarət qurum” adlandırıb.

Sakuntsun iddiasına görə, ölkədə hakimiyyət dəyişikliyi baş verməsinə baxmayaraq, təhlükəsizlik xidməti hələ də başqa ölkənin (Rusiya) maraqlarına xidmət edir.

MTX və Köçəryan-Sərkisyan klanına yaxın media qurumları Artur Sakuntsu ABŞ-ın Açıq Cəmiyyət İnstitutuna (Soros Fondu) işləməkdə günahlandırıb.

Erməni KİV-in məlumatına görə, Soros Fondundan qrant alan QHT-lər və ya Rusiya-Ermənistan münasibətlərinə zərbə vurmaq istəyən siyasi qüvvələr yenidən fəallaşıb:

“Soros Fonduna bağlı bu qüvvələr Ermənistan və Qarabağın təhlükəsizliyinə təhdid yaratmağa çalışır. Onlar planlarını həyata keçirmək üçün ölkədə sosial-iqtisadi, məişət və siyasi xarakterli hadisələr barədə də hesabat hazırlayır. Həmin hesabatlar Ermənistan və Qarabağın təhlükəsizliyinə ziddir.

Rusiya Ermənistanın milli təhlükəsizliyinin və ərazi bütövlüyünün qarantıdır. Ermənistan-Rusiya münasibətlərinə zərbə də Ermənistan dövlətçiliyinə və təhlükəsizliyinə birbaşa zərbə olacaq. Sorosa bağlı qüvvələr Rusiya və Ermənistan arasındakı strateji, müttəfiq münasibətləri pozmaq üzərində işləyir və bununla da “beşinci kolon”un tapşırıqlarını yerinə yetirirlər. Bu qüvvələr arasında Türkiyə və Azərbaycana bağlı olanlar da var”.

Məlumatda bildirilir ki, ölkədə xüsusi xidmət orqanları və həmin siyasi qüvvələr vasitəsilə şəbəkə yaradan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) bu fəaliyyəti Dağlıq Qarabağ münaqişəsi ətrafında Ermənistanın əleyhinə situasiya yaradır. CIA-nın bu məqsədlə Ermənistan daxilində məlumat toplamaq üçün Sorosa bağlı QHT-lərdən və fondlardan istifadə etdiyi iddia olunub.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan da son müsahibəsində Soros Fondunun ölkə üçün ciddi təhlükə yaratmağa başladığını iddia deyib.


Müəllif: Mənsur Rəğbətoğlu