13 Dekabr 2019 14:15
1 505
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gələcək Partiyanın lideri kimi yenidən siyasətə qayıdan Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlunun adı siyasət tarixinə “Strateji dərinlik” kitabı ilə yazılıb.

Teleqraf.com 2003-cü il ABŞ-ın İraq işğalı, Suriyadakı vətəndaş müharibəsi və AKP daxilindəki çəkişmələrdə həmişə ön planda olmuş Əhməd Davudoğlu haqda məlumatları təqdim edir.

Əhməd Davudoğlu 2002-ci ildə iqtidara gələn hakim Ədalət və İnkişaf Partiyasının (AKP) kameraların obyektivindən qaçan açar fiqurlarından biri idi. Nüfuzlu “The Economist” jurnalı 2007-ci ildə Davudoğlunu “pərdə arxasındakı güc” adıyla manşetə çıxarmışdı.

Gül, yoxsa Ərdoğan?

Siyasətlə yanaşı, uzun illər elmlə məşğul olan və professor elmi dərəcəsinə yiyələnən Əhməd Davudoğlu 2011-ci il sentyabrın 11-də Nyu-Yorkda (ABŞ) baş verən terror aktından sonra məşhurluq zirvəsinə qalxdı. Terror aktıdan sonra keçmiş baş nazir akademik kimliyi ilə bir çox qəzet və nəşrlərə müsahibələr verməyə başladı.

Davudoğlunun bu müsahibələri 2002-ci ildə “Qlobal böhran: 11 sentyabr çıxışları” adı ilə kitab halında çap olundu.

Davudoğlu 2001-ci ildə qurulan AKP-yə 2002-ci ildə qatıldı. 2002-2009-cu illərdə Türkiyə baş nazirinin müşaviri kimi fəaliyyət göstərdi. Davudoğlunun həm Rəcəb Tayyib Ərdoğan, həm də Abdullah Güllə əvvəldən əlaqələrinin olduğu, amma vəzifəyə Gülün dəvəti ilə gəldiyi iddia edildi.

Əhməd Davudoğlu 2003-cü ildə İraqa ordu göndərməklə bağlı qanun layihəsini rədd edən açar fiqurlarından biri idi. Həmin dönəmdə Prezident Abdullah Gülün müşaviri olan Davudoğlunun bu layihənin qəbul edilməməsi üçün ciddi səylər göstərdiyi iddia edilirdi.

Siyasətdən getmək istədi, amma…

2007-ci ildə yenidən elmi fəaliyyətinə qayıtmaq istəsə də, prezident seçkisi prosesində baş verən gərginlik, ölkə miqyasında terror aktlarının artması, 2008-ci ildə AKP ətrafında yaranan məhkəmə qalmaqalı səbəbindən bu istəyini həyata keçirə bilmədi. 2009-cu ildə xarici işlər naziri təyin edilən Davudoğlu 2011-ci ildə AKP-dən ilk dəfə millət vəkili kimi parlamentə də girə bildi.

2003-2014-cü illər arasında Türkiyənin xarici siyasətində mühüm persona olan diplomat ölkənin bir sıra önəmli xarici siyasi həmlələrində ön planda yer almışdı. Bu dönəmdə Davosda baş verən “one minute” olayı, İsrailin Mərmərə dənizində türk gəmilərinə silahlı hücumundan sonra baş vermiş gəlişmələr, İsrailin Türkiyədən rəsmən üzr istəməsi onu həm Şərq, həm də Qərbdə diqqətlə izlənilən siyasi oyunçuya çevirdi.

Türkiyənin Avropa İttifaqı ilə müzakirələrə başlaması, ölkənin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, İsrail və Suriya arasında vasitəçi olması, İran-Qərb müzakirələrində, üstəgəl İsrail-Həmas danışıqlarında iştirakı Davudoğlunun nüfuzunu hiss olunacaq dərəcədə artırmışdı.

“Hoca” və “Rəis” üz-üzə

Davudoğlu Ərdoğanın prezident seçilməsindən sonra 2014-cü ildə AKP-nin sədri oldu. Həmin il Türkiyənin 62-ci hökumətini quraraq, baş nazir kimi başa keçdi.

Bundan sonra Davudoğlunun adı AKP çevrələrində artıq “Hoca” kimi hallandırılır, tərəfdarları isə “hocacılar” adlandırılırdı. Tez-tez ərdoğançılarla (“rəisçilər”) üz-üzə gələn Davudoğlunun səlahiyyəti 2016-cı ildə azaldıldı. Həmin il Davudoğlunun AKP-nin bölgə şöbələrinə sədr təyin etmək hüququ partiyanın aidiyyəti qurumlarına verildi.

2016-cı ildə “Qutan dosyesi” (“Pelikan dosyası”) adıyla yayımlanan bir anonim internet saytında Davudoğlunun Ərdoğana xəyanət etdiyi iddia edildi. Bu, partiya daxilində gərginliyə yol açdı. Həmin il Ərdoğan və Davudoğlu arasında təkbətək görüş baş tutdu. Görüşdə Davudoğlunun istefa yerinə AKP-ni qurultaya hazırlaşdırması, lakin yenidən sədr postuna namizəd olmaması razılaşdırıldı.

“Sarayda qiyam”

Davudoğlu baş nazir postundan 2016-cı ildə istefa verdi. Ərdoğan-Davudoğlu görüşündən sonra baş verən bu istefa “Sarayda qiyam” müzakirəsinə yol açdı. AKP-nin boş qalan postu Binəli Yıldırıma təhvil verdi.

Davudoğlu ötən il keçirilən parlament seçkilərində namizəd olmadı. Bu il isə bələdiyyə seçkiləri ərəfəsində AKP-ni sərt şəkildə tənqid etməyə başladı. Bir neçə ay əvvəl isə AKP-dən getdiyini açıqladı. Bu gün isə qurduğu yeni partiya ilə öz siyasi iddiasını da ortaya qoydu.

Ziddiyyətli diplomat

Əhməd Davudoğlu həm xarici işlər, həm də baş nazir olduğu dönəmlərdə Türkiyənin xarici siyasətinə yön verən fiqur kimi tanınırdı. Yaxın Şərq haqda “Bu bölgədə nizam qurmaq missiyası bizimdir” kimi iddialı çıxışları ilə də yadda qaldı.

Bəzi dönəmlərdə “xəyalpərəst”, “anti-Qərb siyasətçi”, “Amerikanın adamı”, bəzən isə “İran tərəfdarı”, bəzən də “radikal sünni” adlandırıldı.

Davudoğlu dönəmində Türkiyənin beynəlxalq arenda aktiv olması, müsəlman ölkələri ilə münasibətlərin inkişaf etdirilməsi “Yeni Osmanlı” müzakirələrinə də yol açmışdı.

Suriyada başlayan müharibədən sonra Türkiyənin Bəşər Əsədi dəstəkləyən İran və Rusiyanın qarşısında dayanması, Davudoğlunu hədəfə gətirdi, ölkəsini ağır imtahan qarşısında qoydu.

Rəcəb Tayyib Ərdoğanın 2011-ci ildə səsləndirdiyi “Əsəd qısa vaxtda devriləcək” mənasına gələn, “İnşallah, tezliklə Dəməşqdə Səlahəddin Əyyubinin məzarının başında namaz qılacağıq” fikirlərinin arxasında Davudoğlunun macəraçı xarici siyasətinin durduğu deyilmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu