14 Dekabr 2019 11:07
593
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda marşrut avtobusu qəzaya uğrayıb.

Teleqraf.com xəbər verir ki, hadisə Suraxanı rayonu, Əfsun şadlıq sarayının yanında qeydə alınıb.

104 saylı marşrut avtobusunun qəzaya uğraması barədə məlumat təcili yardıma saat 8:45 daxil olub.

Səhiyyə Nazirliyindən bildirilib ki, hadisə yerinə 4 təcili tibbi yardım avtomobili gedib. Qəzadan 2-si azyaşlı olmaqla 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıblar. Onlara lazım olan yardım göstərilib, müalicələri davam edir.

Bakı Nəqliyyat Agentliyi (BNA) qəza ilə bağlı məlumat yayıb: "Bu gün səhər saat 09:00 radələrində Suraxanı qəsəbəsi “Daş yol” adlanan küçədə yol nəqliyyat hadisəsi baş verib.

KİA markalı minik avtomobili əks hərəkət istiqamətinə çıxaraq 104 nömrəli müntəzəm marşrut xətti üzrə (Dövlət Qeydiyyat Nişanı 90 OJ 542) sərnişin avtobusu ilə toqquşub. 104 nömrəli müntəzəm marşrut xətti üzrə daşıyıcı Nazim Qəhrəmanovun verdiyi məlumata əsasən, hadisə zamanı avtobusda olan sərnişinlərdən bir neçəsi yüngül xəsarət alıb.

Şahidlərin sözlərinə və ilkin araşdırmalara görə, hadisəyə səbəb KİA markalı minik avtomobili sürücüsünün sükan arxasında yuxulaması olub".


Müəllif: Teleqraf.com