Misir İŞİD terror qruplaşmasına qarşı mübarizədə lazım olan hər dəstəyi göstərməyə hazırdır.
ANS PRESS-in məlumatına görə, bunu Misir prezidenti Abdel-Fəttah əl-Sissi Associated Press agentliyinə müsahibəsində deyib.
Əl-Sissi Xarici mediaya ilk müsahibəsində bildirib ki, regionda ekstremizmin kökünü kəsmək üçün İŞİD-ə qarşı tutarlı strategiyaya dəstək vermək və Misir prezidenti olaraq silahlı qruplaşmalara qarşı mübarizədə öz sözünü demək istəyir.
"Misirlilər "siyasi İslam" təhlükəsini dərk ediblər və başa düşürlər ki, əgər hərəkətə keçilməzsə, ərəb dünyasının ən böyük əhalisinə malik olan Misir də vətəndaş müharibəsi ilə üzləşə bilər. İndi İraq və Suriyada gördüyümüz qan axıdılmasının canlı şahidi ola bilərik" - deyə, əl-Sissi bildirib.
Misir prezidenti həmçinin xarici ölkələrdən olan ekstremistlərin İraq və Suriyada İŞİD terror qruplaşmasına qoşulmasının qarşısının alınmasının da vacib olduğunu vurğulayıb.