16 Dekabr 2019 08:17
486
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvilinin Svaneti bölgəsindəki Mestia qəsəbəsində yerləşən iqamətgahı hərracda satılıb.

Teleqraf.com xəbər verir ki, iqamətgah 7,5 milyon lariyə (təqribən 2,5 milyon dollar) Gürcüstan hökumətinin “Biznes üçün 100 sərmayə təklifi” layihəsi çərçivəsində satılıb.

İqamətgah əvvəlcə 1,8 milyon lariyə təklif olunub. Maliyyə Nazirliyinin Xidmət Agentliyinin məlumatına görə, hərracda 4 şirkət edib. “Aigwin House” şirkəti iqamətgahı 7 milyon 510 min lariyə alıb. İqamətgah 13,9 min kvadratmetr ərazini və müxtəlif tikililəri əhatə edir. İqamətgahın yeni sahibi buradan otel kimi istifadə edəcək.

Gürcüstan qanunvericiliyinə görə, ərazi alındığı gündən 42 aydan sonra otel kimi fəaliyyətə başlamalıdır.

Bildirilir ki, Saakaşvili gözəl mənzərəli Lenxari yüksəkliyində qayalıqlar arasında yerləşən bu iqamətgahı 2011-ci ildə tikdirib. Bəzi məlumatlara görə, iqamətgahın tikintisi iş adamlarının vəsaiti ilə 3 ay ərzində 8 milyon lariyə (2,8 milyon dollar) başa gəlib.
Birmərtəbəli, xüsusi ağac və taxta materiallarından inşa olunmuş iqamətgahda əsas evin sahəsi 1000 kvadratmetrdir.

Müasir üslubda inşa olunmuş iqamətgahda mühafizə və xüsusi heyət üçün nəzərdə tutulmuş otaqlardan əlavə 7 yataq, bir neçə qonaq otağı, mətbəx, vanna otaqları, istirahət guşələri, konfrans-zalı və 150 kvadratmetrlik ziyafət salonu var.

2013-cü ilin avqust ayında Saakaşvilinin dəvəti ilə Gürcüstanın katolikos-patriarxı II İlya burada istirahət edib. II İlya jurnalistlərə müsahibəsində bu iqamətgahı çox bəyəndiyini bildirib.

M.Saakaşvili ikinci prezidentlik səlahiyyətləri başa çatdıqdan sonra Svanetidə heç bir qonaq qəbul etməyib.

/Azərtac/


Müəllif: Teleqraf.com