16 Dekabr 2019 15:14
1 559
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniya Türkiyənin hava müdafiəsi üçün NATO missiyası çərçivəsində Adanada yerləşdirdiyi “Patriot” hava hücumundan müdafiə sistemlərini daha 6 ay burada saxlayacaq.

Qeyd edək ki, İtaliya NATO çərçivəsində Qəhramanmaraşda qurduğu SAMP-T hava hücumundan müdafiə sistemlərini Ankaranın başlatdığı “Sülh çeşməsi” əməliyyatına etiraz olaraq geri çəkib.

Teleqraf.com xatırladır ki, Türkiyənin həyata keçirdiyi bu əməliyyat İspaniyada da müzakirə edilirdi. Hətta Madrid Avropa Birliyinin (AB) bu istiqamətdə Türkiyəyə yönəlik tənqid və tədbirlərinə qatılırdı. Amma “Sülh çeşməsi” əməliyyatına baxmayaraq, Madrid Türkiyəyə NATO çərçivəsində verdiyi dəstəyi davam etdirəcəyini açıqlayıb.

İspaniyanın Ankaradakı səfiri Xuan Qonzales-Barba bəyan edib ki, rəsmi Madrid Türkiyənin Şimali Suriyada keçirdiyi əməliyyatlara və NATO çərçivəsində türk hava sahəsinin təhlükəsizliyinin təmin edilməsinə fərqli prizmalardan yanaşır: “Türkiyənin təhlükəsizlik məsələləri lazımlıdır. Suriyada keçirilən əməliyyatla bağlı fikir ayrılıqlarına rəğmənş NATO müttəfiqi Türkiyənin təhlükəsizlik ehtiyacını qarşılamalıdır. Adanada yerləşdirilən “Patriot” sistemlərinin xidmət müddəti hər 6 aydan bir uzadılır. İndi də bu müddətin may ayına qədər uzadılması haqda qərar verilib. Türkiyə tərəfi Adana ilə bağlı hava müdafiə dəstəyi tələbini səsləndirəndə bölgə Suriya torpaqlarından qaynaqlanan təhlükəsizlik təhdidi altında idi. Bu təhdid davam edir. NATO-ya qatıldığımız gündən Türkiyə ilə çox yaxın müttəfiq ölkəyik. Təhlükəsizlik və hərbi mövzularda Türkiyə ilə əməkdaşlığımız böyük əhəmiyyət daşıyır. Bizim üçün Türkiyənin təhlükəsizliyi İspaniyanın təhlükəsizliyi deməkdir. Hərbi missiyamızın uzadılması haqda qərarımızın arxasında duran məntiq də budur”.


Müəllif: Cavad