Yunanıstan Baş naziri Kiriakos Miçotakis yaxın günlərdə ABŞ-a səfər edərək, Prezident Donald Trampa “F-35” satın almaq və “F-35” qırıcılarının istehsal proqramında iştirakla bağlı təklifini verəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Yunanıstan mediası məlumat yayıb.
Məlumatda Miçotakisin “Maddi imkanlarımız olsa, “F-35” satın almağı ciddi şəkildə müzakirə edə bilərik” sözlərinə yer verilib.
Yanvarın 7-də Vaşinqtona səfər edərək Donald Trampla görüşmək istəyən Kiriakos Miçotakisin qovluğunda iki plan var.
Məlumata görə, baş nazir Türkiyəyə qarşı ABŞ-Yunanıstan münasibətlərini gücləndirmək üçün “F-35” məsələsindən istifadə etməyi planlaşdırır.
Miçotakis ilk mərhələdə Türkiyənin “F-35” proqramından çıxarılmasından sonra yaranan boşluğu Yunanıstanla doldurmağa cəhd edəcək. Yunanıstanın istehsal prosesinə cəlb edilməsindən sonra Afinanın ABŞ-dan müasir döyüş qırıcıları almaq məsələsi gündəmə gələcək.
İkinci mərhələdə isə Yunanıstanın məhdud sayda “F-35” qırıcısı alacağı aktuallaşacaq. Yunanıstan bununla qırıcıların istehsal prosesinə daxil olmaq hüququ əldə edəcək.