“Qardaşım, duygusallığı, qəzəbi bir kənara qoy, rasional düşün, realist ol və Bəşər Əsədlə barış. Hörmətli Ərdoğan öz qəzəbini boğa, rasional düşünə bilmirsənsə, mən Suriyaya gedib Əsədlə görüşməyə və bu problemi həll etməyə hazıram”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyədə müxalifətdə olan İyi Partiyanın sədri Maral Akşənər deyib.
Akşənər Türkiyə hökumətinin Suriya ilə bağlı məsələlərə indiyədək 40-50 milyard dollar maddi vəsait xərclədiyini, amma ortada bir nəticənin olmadığını bildirib:
“Artıq Amerika şirkətləri Bəşər Əsədlə anlaşmalar imzalayır. İmperialistlər Suriyanı dağıtdılar, indi də öz şirkətləri vasitəsilə Suriyaya 10 il ərzində 700-800 milyard dollar investisiya yatıracaq. Türkiyə isə bu məsələdə sinifdə qaldı.
Təklifimiz budur ki, Ərdoğan duyğusallığı və qəzəbi bir kənara qoyub Əsədlə barışmalıdır. Əllərində bayraq ediblər ki, Əsəd insanları öldürür. Bəs 2011-ci ildən bu yana Suriyada gedən savaşda iştirak edən digər qüvvələr insanlara pambıq arasında baxıb? Milyonlarla insan bu qüvvələrin qurbanına çevrildi. Hörmətli Ərdoğan, bu problem həll edə bilmirsənsə, Suriyaya gedib Əsədlə görüşüb bu problemi həll etməyə hazıram”.