Tanınmamış Abxaziya Respublikasının “prezidenti” Raul Xadjimbanın ardınca qondarma vitse-prezident Aslan Bartsits də istefa verdiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə tanınmamış respublika prezidentinin saytında məlumat verilib.
“Abxaziya Konstitusiyasına uyğun olaraq və Abxaziya Respublikasının prezidenti Raul Xadjimbanın istefa etməsi ilə əlaqədar olaraq, Abxaziyada sülh və sabitliyin qorunması, milli razılığın əldə edilməsi üçün vitse-prezidentin səlahiyyətlərindən imtina etdiyimi bəyan edirəm”, – deyə onun bəyanatında bildirilib.
Qeyd edək ki, bundan əvvəl Raul Xadjimba istefa verdiyini açıqlamışdı.
Yanvarın 10-da Abxaziya məhkəməsi ötən ilin payızında keçirilən prezident seçkilərinin ikinci turunun nəticələrini və birinci instansiya məhkəməsinin qərarını qanunsuz elan edib.
Bununla əlaqədar olaraq Abxaziya Mərkəzi Seçki Komissiyası təkrar prezident seçkilərinin martın 22-də keçiriləcəyini açıqlayıb.