Pakistanın Lahor şəhərində yerləşən Ali Məhkəmə ölkənin eks-prezidenti Pərviz Müşərrəfin işinə baxması üçün xüsusi məhkəmənin yaradılmasını, bu məhkəmənin eks-prezidentlə bağlı edam hökmü çıxarmasını konstitusiyaya zidd adlandırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Dawn” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, məhkəmə kollegiyası Pakistanın keçmiş dövlət başçısının dövlətə xəyanət iddiası üzrə məhkəmə prosesinin qanuna uyğun olaraq hazırlanmaması barədə qərar çıxarıb.
Qeyd edək ki, 2019-cu ilin dekabrında Pakistanın xüsusi məhkəməsi 2001-ci ildən 2008-ci ilədək prezident vəzifəsini icra edən 76 yaşlı Müşərrəfə irəli sürülən dövlətə xəyanət işi üzrə onu edam cəzasına məhkum edib.
Pakistan Ali Məhkəməsi 2016-cı ildə P.Müşərrəfin ölkəni tərk etməsinə icazə verdikdən sonra eks-prezident müalicə üçün Birləşmiş Ərəb Əmirliklərinə gedib. Həmin vaxtdan etibarən bu ölkədə yaşayır.