Rusiya Xarici İşlər Nazirliyi Liviya Milli Ordusunun başçısı Xəlifə Haftarın Liviya Milli Razılıq Hökuməti ilə atəşkəs sazişi imzalamadan Rusiya Federasiyasını tərk etdiyini təsdiqləyib.
Teleqraf.com xəbər verir ki, bu barədə “RİA-Novosti” məlumat yayıb.
“Bəli”, – nazirlikdən müvafiq suala cavab olaraq deyiblər.
Yanvarın 13-də Rusiya və Türkiyənin vasitəçiliyi ilə Liviyada qarşı duran tərəflər arasında danışıqlar keçirilib. Liviyadan olan məlumatlı mənbə X.Haftarın Tripolidəki hökumətin başçısı Fayez Sarracla atəşkəs sazişi imzalamadan Moskvanı tərk etdiyini bildirib. Liviya Milli Razılıq Hökumətinin xarici işlər naziri Məhəmməd ət-Taher qeyd edib ki, onlar sazişi imzalayıb, daha sonra İstanbula yollanıblar.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvadakı danışıqlarda yekun sənədini Liviyadakı münaqişənin bir neçə tərəfinin imzaladığını söyləsə də, Haftarın əlavə vaxt istədiyini açıqlamışdı.