İki min suriyalı əsgər Türkiyə üzərindən keçərək Liviyaya gdib və ya getmək üçün hazırlanır.
Teleqraf.com xəbər verir ki, bu sensasiyalı iddia ilə İngiltərənin məşhur “Qardian” qəzeti çıxış edib.
Qəzet bu məlumatı Türkiyə, Suriya və Liviyadakı üç fərqli mənbədən alıb.
Bu əsgərlər Suriyada böyük döyüş yolu keçib, Liviyada isə Türkiyə tərəfindən dəstəklənən legitim milli barış hökuməti tərəfindən müharibəyə qatılacaq.
Qeyd edilir ki, BMT tərəfindən tanınan Fayez əl Sarrac hökuməti bir müddət əvvəl Türkiyədən hərbi dəstək istəyib.
“Qardian”a danışan liviyalı analitik Klaudia Qazzini deyib ki, Ankaranın müdaxiləsi səbəbindən Liviyada türk duyğuları güclüdür və suriyalı döyüşçüləri göndərməsi ilə Türkiyənin nüfuzu bir qədər də artacaq: “Bu hal isə Haftarı yaralayacaq. Ankara suriyalı döyüşçülərdən istifadə etməklə Liviyada rus muzdlu əsgərlərlə qarşı-qarşı gəlməkdən qaça bilər. Ancaq burada əsas sual “Rusiya lideri Putinin buna yaşıl işıq yandırmağa davam edəcəkmi” ilə bağlıdır. Yoxsa Rusiya və Türkiyə başqa strateji maraqlar üzərində bazarlıq apararaq Liviya arxa planda qalacaq”.
Qəzetə görə, Türkiyənin maliyyələşdirdiyi Suriya Milli Ordusu (SMO) adlı silahlı qruplaşmanın 300 döyüşçüsü dekabrın 24-də Türkiyəyə keçib, dekabrın 29-da isə daha 350 döyüşçü Kilsdən Türkiyəyə daxil olublar.
Qəzet bu döyüşçülərin Tripoliyə təyyarə ilə göndərildiyini və general Haftarın hücumlarına məruiz qalan şəhərin şərq cəbhəsində mövqe tutduqlarını iddia edib.
Yanvarın 5-də Suriyadan daha 1350 əsgərin Türkiyəyə keçdiyini qeyd edən “Quardian” onların bir qisminin Liviyaya göndərildiyini, bir qisminin isə hərbi təlimlər keçdiyini yazıb. Əlavə edilir ki, Şam legionundan (Faylak əl-Şam) döyüşçülərdə Liviyaya getməyi düşünür.
Qəzetə danışan SMO qaynaqları qeyd ediblər ki, Suriyada 450-550 türk lirəsi maaş aldıqları halda Liviyada 2 min dollar qazanacaqlar və döyüşçülərin 6 aylıq razılaşmanı Türkiyə ilə deyil, Liviya legitim hökuməti ilə imzalayıblar. Türkiyə isə bu döyüşçülərə türk vətəndaşlığı vəd edib.
Qeyd edək ki, Moskvada Liviyada vətəndaş müharibəsinin tərəfləri olan general Xəlifə Haftar və Milli barış hökuməti arasında Moskvada danışıqlar aparılıb. Türkiyə və Rusiyanın vasitəçiliyi ilə aparılan danışıqlarda sülh müqaviləsinin imzalanması baş tutmayıb. General Haftar saziş imzalamaqdan imtina edib və səbəb kimi Türkiyəni göstərib.
Danışıqların uğursuzluqla başa çatmasından sonra Liviyada müharibəyə başlayan Haftar sonradan atəşkəs elan etdiyini bildirib. Buna qədər isə Türkiyə Prezidenti Ərdoğan bəyan edib ki, əgər Haftar hücumlarını davam etdirsə lazımı cavabını alacaq.