İranın xarici işlər Cavad Zərif xəbərdarlıq edib ki, Avropa ölkələri Tehranın Hərtərəfli Birgə Fəaliyyət Planına dair öhdəliklərini yerinə yetirməməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasına şikayət edərsə İran Nüvə Silahının Yayılmaması üzrə Sazişdən çıxa bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə Fransanın “Les Echos” qəzeti məlumat yayıb.
Nəşr qeyd edir ki, bu cür təhdidlər qlobal nüvə potensialını azaltmaq istiqamətində geriyə atılan addımdır və digər ölkələr üçün pis nümunə ola bilər.
“İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bazar ertəsi günü Paris, Berlin və Londonun Tehrana qarşı materialları BMT Təhlükəsizlik Şurasına təqdim edəcəyi təqdirdə ölkənin Nüvə silahının yayılmaması üzrə sazişdən çıxmağa hazır olduğunu söyləyib”, – deyə “Les Echos” yazır.
Nəşr bildirir ki, yanvarın 14-də Avropa İttifaqının üç aparıcı dövləti Hərtərəfli Birgə Fəaliyyət Planı çərçivəsində mübahisələrin həlli mexanizmini işə salıb. Məqalədə qeyd olunur ki, ötən ilin may ayından bəri İran plan üzrə öhdəliklərini beş dəfə azaldıb və çərşənbə axşamı mübahisələrin həlli mexanizminin işə salınmasına cavab olaraq bunu sonuncu dəfə edə biləcəyi barədə xəbərdar edib.
Tehran, Pekin, Paris, London və Vaşinqton tərəfindən imzalanan müqavilənin 37-ci maddəsinə görə, mübahisə həll olunmasa, o, baxılması üçün BMT Təhlükəsizlik Şurasına göndərilir. Bu zaman isə sanksiyalar bərpa oluna bilər.
Tehran artıq yanvarın 20-də Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişlərinin İrana səfərlərini rədd edə biləcəyini açıqlayıb.