22 Yanvar 2020 16:00
579
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meksika Deputatlar Palatasının üzvü, hakimiyyətdə olan Morena Partiyasının təmsilçisi və Azərbaycan-Meksika Dostluq Qrupunun sədri Aqustin Qarsiya Rubio Meksika parlamentində 20 yanvar faciəsi ilə bağlı Azərbaycan xalqına başsağlığı verib və müvafiq bəyanat yayıb.

Bu barədə Teleqraf.com-a Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.

Bəyanatda 20 yanvar faciəsi Azərbaycan xalqına qarşı törədilmiş cinayət və misli görünməmiş vəhşilik adlandırılır. O zaman Sov.İKP-nin baş katibi olan Mixail Qorbaçovun əmri ilə sovet ordusunun zirehli texnika və tanklardan ibarət böyük kontingentinin Azərbaycana yeridilərək paytaxt Bakı şəhərinə daxil olduğu deyilir, bu qərar sovet rejiminin süqutunun qarşısının alınması və Azərbaycan xalqının azadlıq hərəkatının məhvi məqsədini daşıyan son uğursuz addım adlandırılır.

Bu dəhşətli hadisələr nəticəsində 150 günahsız insanın soyuqqanlıqla qətlə yetirildiyi və 700 nəfərin ağır yaralandığı, bir çoxlarının itkin düşdüyü bildirilir. Dünya ictimaiyyətinin bu vəhşiliklər barədə məlumat almasına imkan verməmək məqsədilə sovet ordusu tərəfindən Azərbaycan Televiziyasının enerji blokunun sıradan çıxardıldığı deyilir. “Qara Yanvar” adlandırılan Azərbaycan tarixinin bu səhifəsi qurbanlarının anılması üçün hər il yüz minlərlə azərbaycanlının Bakıdakı Şəhidlər Xiyabanını ziyarət etdiyi, bütün dünyada yaşayan həmvətənlərimiz tərəfindən 20 yanvar qurbanlarının xatirəsinin yad edildiyi deyilir. Ümumxalq hüzn günü kimi qeyd edilən bu günün eyni zamanda Azərbaycanın müstəqillik yolunda vacib tarixlərdən hesab edildiyi vurğulanır və bunun nəticəsi kimi 1991-ci ildə Azərbaycanın yenidən müstəqilliyinə qovuşduğu qeyd olunur.


Müəllif: Səxavət

Oxşar xəbərlər