Liviya əhalisinin yarıdan çoxunun yaşadığı paytaxt Tripoli ətrafında gedən döyüşlər nəticəsində 10 minlərlə insan öz evini tərk edib.
Teleqraf.com xəbər verir ki, Türkiyənin “Hürriyət” qəzetinin əməkdaşları paytaxt Tripolidə yaşayan qaçqınlar arasında olub və müəyyən edib ki, qaçqınların çoxu bir zamanlar bu ölkənin diktatoru olan Müəmmar Qəddafinin xarabaya çevrilən sarayında yaşayır.
Xatırladaq ki, hazırda Liviyada vətəndaş müharibəsi gedir. General Xəlifə Haftar öz ordusu ilə ölkənin BMT tərəfindən tanınan legitim milli barış hökumətinə qarşı vuruşur. Bu müharibə minlərlə insanın qaçqın düşməsi ilə nəticələnib.
2011-ci ildə öldürülən Liviya lideri Müəmmar Qəddafi illərlə paytaxt Tripolinin Bab-il Aziziyə Sarayında yaşayıb. Hazırda xarabaya çevrilən bu saray ölkədə vətəndaş müharibəsi nəticəsində qaçqın düşən insanların son ümid yerinə çevrilib.
Qəddafinin sarayında yaşayan insanlar deyirlər ki, əvvəllər buradan keçərkən qorxudan başlarını qaldırıb saraya baxmırlarmış.
Saray Qəddafinin öldürülməsindən sonra dağıdılsa da ətrafındakı onlarla bina hazırda normal vəziyyətdədir. Məhz bu binalar qaçqınların sığınacağına çevrilib. Saray kompleksinin içi xarab olan avtomobillər, zibillər və təkərlərlə doludur.
Bir zamanlar Qəddafinin sarayının yağmalanması və dağıdılması o dövrdə “Liviyada tiranlığın sonu” kimi təqdim edilirdi.