“Arxamca gəlməyin, sizə öndərlik etməyə bilərəm, önümdə getməyin, sizi izləməyə bilərəm. Yalnız yanımda addımlayın, dostum olun”.
Ruhu ədəbiyyat və fəlsəfə arasında vurnuxan, kimsəyə xas olmayan, qeyri-adi dünyagörüşü, dünyaya yad olan dahi Alber Kamyu. “Bəzi insanların sırf normal ola bilmək üçün böyük enerji xərclədiklərini kimsə bilmir”, - deyə yazan Kamyu ədəbiyyat dünyasının başqa planetdən gələn yad amlarından biridir.
Fəlsəfə diplomu olan yazıçı “filosof” da adlandırılır, amma o, heç vaxt özünü filosof kimi qəbul etmədi. O, vicdanlı və həyatı olduğu kimi qəbul edən bir yazıçı idi. Uzun zaman intiharı düşündüyünü desə də, ona görə həyat sonuna qədər yaşanmalıdır.
Teleqraf.com yazıçı Alber Kamyu haqda yazını təqdim edir.
Həyatı boyu siqaret çəkdi. Hətta “Siqaret” adlı bir pişiyi vardı. Kamyu Nobel mükafatını qazanan ən gənc iki yazıçıdan biri idi. Ölümündən sonra son dövrlərdə araları soyuq olan Sartr onun haqda yazı qələmə aldı. Köhnə dosta vəfa borcu…
Əlcəzairlilərə görə, Kamyu Əlcəzairin öz övladıdır. 1913-cü ildə Əlcəzairin sahil qəsəbələrindən birində doğulan Alber Kamyunun anası ispan kökənli, atası fransızdır. Oxuma-yazma bilməyən anası xadimə, atası Lüsyen təsərrüfatla məşğul olan bir kəndlidir.
Həmin dövrdə Fransa müstəmləkəsi olan Əlcəzairdə yaşayan Lüsyen Birinci Dünya Müharibəsinin başlaması ilə zorla cəbhəyə göndərilir, bir daha geri qayıtmır. Atası öldükdən sonra anası və nənəsi ilə birlikdə yoxsulluq içində böyüyür. Amma Kamyu möhtəşəm bir şagirddir, bəlkə də bu yoxsulluğun verdiyi əzm və inamla yüksələ bilib.
“Cəsarəti olmayanlar özlərini haqlı göstərən fəlsəfəyə sığınırlar”
Atasının ölümündən sonra Kamyu və ailəsi əmisinin evinə sığınmağa məcbur olur. Qəssab olan əmisi ağıllı bir insandır, Alber onun himayəsində olarkən ədəbiyyat dünyası ilə tanış olur.
Orta məktəbi fərqlənmə ilə bitirən gələcək dahi Əlcəzair Universitetinin fəlsəfə fakültəsinə daxil olur. O illərdə pul qazanmaq üçün müxtəlif sahələrdə işləməyə məcbur olur, futbol da oynayır. Universitet komandasının qapıçısı olan Alber vərəmə yoluxma səbəbindən idman karyerasına vaxtından əvvəl son qoyur.
“Əxlaqa və insanların məsuliyyətlərinə dair öyrəndiyim nə varsa, bunu futbola borcluyam”, deyən Kamyu 17 yaşınadək futbol oynadı.
Qapıçı idi, amma vərəmə yoluxması səbəbindən futboldan imtina etmək məcburiyyətində qalır. Əvvəl bu barədə danışmasa da, sonradan qapıçılığı ayaqqabıların tez köhnəlməməsi, gec cırılması üçün seçdiyini etiraf edir. Dediyimiz kimi, Kamyu kifayət qədər yoxsulluq yaşamışdı.
Göz həkiminin narkoman qızı
Alber Kamyu ali məktəbin son günlərində aktrisa Simona ilə evlənir. İyirmi bir yaşında evləndiyi qadın bir göz həkiminin qızıdır. Lakin qadın morfin alüdəçisidir. Qarşılıqlı xəyanətlərlə müşayiət olunan evlilik cəmi iki il çəkir. 1945-ci ildə Fransina Faurla evlənən Kamyunun əkiz qızları olur. Lakin bu evliliyində də bir çox qadınla münasibətləri vardı. “Kimsəni yoldan çıxarmadım”, - deyə yazırdı gündəliyində: “Məğlub oldum”.
Həmin dövrdə əvvəlcə Fransa Kommunist Partiyasına, daha sonra Əlcəzair Xalq Partiyasına üzv olur. Lakin Marks və Engelsdən çox fransız filosoflar Malrauks və Andre Gidanın əsərlərini oxuyurdu, özünü onların fikirlərinə daha yaxın hiss edirdi. Müstəqil düşüncələrinə görə “trotskiçi” ittihamı ilə pariyadan xaric edilir. Fransız Kommunist Partiyasından isə “Əlcəzair millətçisi” ittihamı ilə qovulur.
“Bir yazıçı hər şeydən əvvəl oxunmaq istəyir, əksinə iddia edənlərə heyran olaq, amma inanmayaq”
Kamyunun 1937-ci ildə nəşr olunan ilk kitabı seçmə məqalələrinin yer aldığı “Əksi və üzü”dür. Kitabın nəşrindən bir il sonra Fransaya köçür. İki il Əlcəzair hökuməti adına fransız nəşriyyatını müşahidə etməyə başlayır. Beləliklə, həm normal pul qazana bilir, həm də sevdiyi ədəbiyyata bol vaxt ayırır. Fransina ilə də o illərdə evlənir.
Kamyu ədəbi yaradıcılıqla yanaşı, özünü teatra da doğma hiss edirdi. Parisdəki ilk illərində bir teatrın sahibinə çevrilmişdi. İlk pyesi 1938-ci ildə qələmə aldığı “Kalikula”dır. O, bu əsərlə qəddar bir Roma imperatorunun simasında absurdizmin müdafiəçisi kimi görünməyə başlayır.
Bəlli qəliblərlə sərhədlənmiş ədəbi-fəlsəfi cərəyanlardan uzaq dayanan Kamyu siniflərə bölünməyə belə etiraz edir: “Əgər heç bir şey bir məna ifadə etməsəydi, haqlı ola bilərdiniz. Amma hələ həyatımızda məna kəsb edən şeylər var”.
“Duru bir dillə yazanların oxucuları, müəmmalı, qarışıq yazanların isə tənqidçiləri var”
Kamyunun səs-küy qaldıran ilk əsəri 1942-ci ildə yayımlanan “Yad” adlı romanıdır. Romanın baş qəhrəmanı teleqrafla anasının ölüm xəbərini alaraq cənazəyə gedən əlcəzair əsilli fransız Mersodur.
Ətrafında baş verənlərə duyğusal reaksiya göstərməyən Merso cəmiyyətdən tamamilə qopmuş bir xarakterdir. Sevgilisini döyməkdən, ya da sahildə gördüyü bir ərəbi səbəbsiz yerə öldürüb bütün güllələri cansız bədəninə boşaltmaqdan da narahat olmur. Həbs olunur, mühakimə edilir, edam cəzası alır. Ölümdən əvvəl günahlarını yumaq üçün həbsxanada yanına gələn keşişə də qəzəblənir. Amma Merso dürüst bir insandır, düşüncələrini açıq dillə ifadə edərək kimsəni aldatmır, kimsənin də onu mühakimə etmək haqqının olmadığı düşüncəsinin də müdafiəçisidir.
Ədəbiyyat çevrələrində maraqla qarşılanan əsər Kamyunun bir ekzistensialist kimi tanınmasına səbəb olur. Amma hələ ekzistensialist Sartrla tanış olmasına üç il var, buna qədər özünü hansısa izmin müdafiəçisi kimi təqdim olunmasını istəmir. Kamyu ilə yanaşı Kyerkeqor, Nitsşe və Haydegger kimi bəlli bir cərəyanın daşıyıcıları müəyyən bir izmin adıyla tanınmasını rədd etmişdi. Alber Kamyunun özü isə bu haqda belə yazır:
“Bizim bu məsələdə tutduğumuz bir tərəf yoxdur. Bunu unutmamalıyıq ki, bir aksiz markası bizə şüşədə nəyin saxlanıldığını deyə bilər, amma tərkibini tam olaraq açıqlaya bilmir”.
Həmin il absurdizmi müzakirə etdiyi yüz iyirmi səhifəlik “Sizif mifi” adlı əsərini yayımladı. “Fəlsəfədə yeganə əhəmiyyətli bir problem var – intihar. Həyatın yaşamağa dəyib-dəymədiyi fəlsəfənin cavab verməli olduğu ən fundamental məsələdir. Digər məsələlər bundan sonra gəlir”, - Kamyu bu sualın cavabını da özü verir: “Xeyr, intihar həll yolu deyil, etiraz etmək lazımdır”.
“Azad media yaxşı, ya da pis ola bilər, amma azadlıq olmayanda media ancaq pis olacaq”
Artıq İkinci Dünya Müharibəsi başlamışdı. Keçirdiyi vərəm səbəbindən Kamyunu hərbi xidmətə götürmürlər. Paris nasist ordusu tərəfindən işğal olunduqdan sonra işlədiyi “Paris-Soir” qəzetinin yazarları ilə birlikdə iki yaşlı əkizləri və həyat yoldaşı Fransinanı da götürüb Bordoya köçür.
Bir müddət sonra Fransa Müqavimət qrupuna qatılıb “Kombat” adlı yeraltı qəzetinə redaktorluq etməyə başlayır. Əvvəlcə Parisi almanlardan xilas edən amerikalıları alqışlayacaq, daha sonra Naqasaki və Xirosimaya atom bombası atdıqları üçün ölənədək tənqid edəcəkdi.
Müharibədən sonra kommersiya qəzetinə çevrilən “Kombat”dan ayrılır. Artıq siyasət, jurnalistika və teatr ehtirasına sərhəd qoyacaq, sadəcə yazmağa başlayacaqdı. Ən məşhur əsərlərindən olan “Taun”u 1947-ci ildə başa çatdırır.
“Əsilzadə olan üsyanın özü yox, bizdən tələb etdikləridir”
Roman əvvəllər bənzər hadisələrin baş verdiyi bir Əlcəzair şəhəri olan Oranda gözlənilmədən yayılmağa başlayan taun virusundan bəhs edir. Bir tərəfdə giriş-çıxışın qadağan olunduğu şəhərdə həbs edilən insanların ölüm-dirim mübarizəsi, digər tərəfdə həkimlərin bu xaotik vəziyyətə göstərdiyi fərqli yanaşmaların təsviri yer alır, bir tərəfdə isə özünün də etiraz etməsinə baxmayaraq, Alber Kamyunun bir ekzistensialist olaraq ön plana çıxmasına təkan verir. Əsərin müəyyən hissələrində ortaya çıxan “natiq” Kafkanın “Məhkəmə” adlı əsərinin tonunda danışması ilə diqqət çəkir.
1949-cu ildə yenidən teatra qayıdan Kamyu iki pyesi ilə səhnədə görünür. Nəhayət, 1956-cı ildə, hələ həyatda ikən yayımlanan son əsəri “Çöküş”lə oxucularının görüşünə gəlir. Bir il sonra isə ilk dəfə bir Afrika kökənli yazıçı – Alber Kamyu Nobel mükafatına layiq görülür.
Mükafat qərarı belə ifadə olunur: “Günümüzdə insanın vicdan problemlərini işığa çıxaran səmimiyyətinin əks olunduğu önəmli ədəbi əsərlərinə görə…”
“Xoşbəxtlik bir insanın özü ilə yaşadığı həyat arasındakı sadə uyğunlaşmadan başqa nə ola bilər?”
1960-cı il yanvarın 4-də həmişə olduğu kimi qatarla səyahət edəcəkdi. Bileti cibindədir, amma dostu və naşiri Mikel Qallimardın təkidlərinə etiraz etməyib onun avtomobilinə minir və bir qəza baş verir. Özü “zaman keçdikcə, əsl işimə hələ başladığıma olan inancım artır”, deyə düşünərkən sirlərini aça bilmədiyi bu sonsuz kainatdakı həyatı başa çatır.
Qəza yerində araşdırma aparanlar yayımlanmamış bir əsərinin əlyazmalarını tapırlar. Öz həyatından bəhs edən bu qeydlər 1995-ci ildə avtobioqrafiya şəklində “Birinci adam” adıyla qızı tərəfindən yayımlanır.
Ölümündən çox illər sonra Alber Kamyunun həyatına son qoyan qəzanın sovet kəşfiyyatının (KQB) sui-qəsdi olduğu iddiası yayılmağa başlayır.
Kamyu niyə filosof deyil?
Kamyu bir düşüncənin bayraqdarı deyildi, insandan yazırdı, bəşəri ideyalar, dövrünün insan faciələrinin daşıyıcısı idi.
Kamyu filosof idi, yoxsa yazıçı? Tez-tez verilən, hələ də müzakirə mövzusu olan məsələlərdən biri də budur. Kamyu Platon və Avqustinin elmi əsərləri üzərində öz elmi işini müdafiə etmişdi. Varlıq, həyat, ölüm, sənət kimi məsələlərə dair öz fikirlərini irəli sürmüşdü. Bu kimi fəaliyyətləri onu filosof kimi ön plana çəksə də, Kamyu özü haqda bunları yazmışdı: “Niyə filosof yox, yazıçıyam? Çünki fikirlərə görə yox, sözlərə görə düşünürəm”.
Əlbəttə, Kamyu da yazıçı və filosoflardan təsirlənmişdi. Gündəlik və əlyazmalarında bu yazıçılar və filosofların adları digərləri ilə müayisədə daha çox hallanır: Nitsşe, Dostoyevski, Tolstoy, Unamuno, Kafka…
“Zəif cəhətlərimi bilərək, bütün gücümlə əxlaqlı insan olmağa cəhd etdim. Əxlaq öldürür”
Pula yönələn, puldan asılı qalan həyata etiraz edirdi, mənfəətçiliyə nifrət bəsləyirdi. Əxlaqı həyatın anlamı üçün önəmli bir dəyər kimi qəbul edirdi. Eqoistliyi qəbul etmirdi, eqoist sevgiyə də münasibət belə idi.
Kamyuya görə, ən böyük bədbəxtlik sevə bilməmək idi. Ədalətsizliyi diksinərək tənqid edirdi. Zorakılıq yolu ilə öz kisəsini dolduran siyasi rejimləri kəskin formada tənqid edirdi. Əxlaqın sözlər müdafiə olunmayacaq bir dəyər olmadığını, praktiki olaraq göstərilə bilən bir dəyər olduğunu deyirdi.
“Mən sənətim olmadan yaşaya bilmərəm, amma sənəti hər şeyin üstünə də qoymamışam”
Təhsil dövrü və gənclik illərindəki qısa futbol dönəmini nəzərə almasaq, həyatını sənət və ədəbiyyata həsr etmişdi. Kitabları gəlir gətirməyəndə qəzetlərə məqalələr yazmışdı. Sənətin onun üçün hər şey olmadığını, ən azı vasitə olduğunu deyirdi. Sənətin sadəcə gözəllikləri əks etdirməməsinin vacib olduğunu, habelə ağrılardan da bəhs etməsinin lazım olduğunu deyirdi.
İllər sonra qızı Katerina “Atam Kamyu” adlı xatirəsində atası haqda belə yazacaqdı:
“Məktəbdə atamın peşəsi soruşulanda “yazıçı” cavabını verəndə, bu mənə dərd olurdu. Bütün günü evdə qalıb yazı masasının arxasında bir şeylər qaralayan adam miskin sayılır”.