Sovet İttifaqı Qəhrəmanı, general-mayor Yuri Kuznetsov ömrünün 74-cü ilində Rusiyanın Amur vilayətinin inzibati mərkəzi Blaqoveşensk şəhərində vəfat edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Amur vilayəti hökumətinin saytında məlumat verilib.
“Bu, hamımız üçün əvəzedilməz bir itkidir. Yuri Viktoroviç köklü-köməcli Uzaq Şərqli idi. O, həyatını SSRİ Silahlı Qüvvələrində xidmətə bağlamışdı, Əfqanıstanda hərbi əməliyyatlarda iştirak etmiş, burada cəsur və istedadlı bir komandir olduğunu sübuta yetirmiş, həyatını dəfələrlə riskə atmışdı. Buna görə də ən yüksək mükafatlara və Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü”, – deyə bildirilib.
Amur vilayətinin qubernatoru Vasili Orlov Y.Kuznetsovun doğmalarına və yaxınlarına başsağlığı verib:
“Mən Yuri Viktoroviçi tanıyan hər kəsin kədərini bölüşürəm və başsağlığı verirəm”.
Noyabr ayında “Beşinci kanal” SSRİ-nin əməkdar pilotu, Kirovoqrad uçuş məktəbinin keçmiş rəhbərlərindən biri İvan Poqorelovun 107 yaşında öldüyünü bildirmişdi.