27 Yanvar 13:59
236

Zabaykalye diyarının sakini koronavirus əlamətləri ilə Ulan-Udedəki yoluxucu xəstəliklər xəstəxanasına yerləşdirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi Buryatiya Respublikasının Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla məlumat yayıb.

Nazirlik nümayəndəsinin sözlərinə görə, Zabaykalye diyarının 36 yaşlı sakini yanvarın 21-də xəstələnib, dörd gün sonra xəstəxanaya yerləşdirilib.

“O, Ulan-Ude şəhərindən keçirdi. Az öncə Asiya ölkəsinə səfər edib, hansı ki, bu gün orada gərgin epidemioloji vəziyyət müşahidə olunur”, – deyə nazirlik rəsmisi bildirib.

Analizlər Novosibirskə göndərilib.

Yanvarın 27-də Zabaykalye diyarının qubernatoru Aleksandr Osipov Çində yeni növ koronavirusun yayılması səbəbindən bölgədə yüksək hazırlıq rejiminin tətbiq edilməsini əmr edib.

Son məlumatlara görə, Çinin materik hissəsində virusa yoluxanların ümumi sayı 2744-ə çatıb, onlardan 80-i ölüb.


Müəllif: Səxavət