Dövlət Şurasının sədri və insan haqlarının qızğın müdafiəçisi Yunanıstan Prezidenti seçildi. Hakim sağ mərkəzçi “Yeni demokratiya”, ana müxalifət partiyası SİRİZA və sol “Dəyişiklik hərəkatı”nın deputatları Yekaterina Sakellaropuluya səs verdilər. O, Yunanıstanda ən yüksək dövlət vəzifəsini tutan ilk qadın oldu.
Teleqraf.com bildirir ki, Yunanıstan parlamentinin deputatları öz dövlətlərinin yeni bir dövrünün başlamasına töhfələrini veriblər. Belə ki, ölkə müstəqillik qazandıqdan sonra təxminən 200 il ərzində heç bir qadın bu vəzifəni tutmayıb.
Bildirilir ki, 63 yaşlı qadın ilk dəfə geniş ictimaiyyətin diqqətinə on beş ay əvvəl ölkənin Ali Məhkəməsinə rəhbərlik etdiyi zaman ətraf mühitin qorunmasına yönəlmiş liberal görüşləri ilə gəlib. Yunanıstan məhkəmə sisteminin ən yüksək eşelonunda uzun illər ərzindəki karyerasına baxmayaraq, Sakellaropulu siyasi autsayder sayılır.
Yekaterina Sakellaropulu 1956-cı ildə Salonikidə anadan olub. Onun atası da Ali Məhkəmənin hakimi vəzifəsini icra edib. Afina Universitetinin hüquq fakültəsini bitirib, daha sonra Sorbonna Universitetində konstitusiya və inzibati hüquq sahəsində aspiranturada oxuyub. 2015-ci ildə Yunanıstan Dövlət Şurası sədrinin müavini, 2018-ci ilin oktyabrında isə rəhbəri vəzifəsinə təyinat alıb. İndi Sakellaropulu tərəfdaşı, vəkil Pavlos Kotsonislə yaşayır. Əvvəlki evliliyindən bir övladı var.
Sakellaropulu ətraf mühit üzrə mütəxəssis sayılır. O, Axeloos çayı üzərində su elektrik stansiyalarının inşası kimi bir çox vacib məsələlər üzrə məruzəçi olub. Eyni zamanda fəaliyyəti dəfələrlə tənqid edilib. O, əksər hallarda hökumətin layihələrinin əleyhinə səs verib.
Sakellaropulu dövlət başçısı vəzifəsində bu vəzifəni martın 13-də tərk edəcək Prokopis Pavlopulosu əvəzləyəcək. Yunanıstanda prezident 5 il müddətinə seçilir və geniş səlahiyyətlərə malik deyil. Siyasi hakimiyyət baş nazirin əlində cəmləşib.