29 Yanvar 2020 13:08
1 064
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin Xalq Respublikasının Dövlət Səhiyyə Komitəsinin koronavirusla mübarizə üzrə xüsusi komissiyasının rəhbəri, akademik Çjun Nanşan superinfeksiya ilə əlaqədar həyəcan doğuran açıqlama verib.

Teleqraf.com-un məlumatına görə, o deyib:

“İndi mən daha çox superinfektorların – koronavirusa yoluxmuş anomal xəstə insanların ətrafdakı onlarla insana virusu ötürə bilməsinin qeydə alınmasından qorxuram. Çində 2003-cü ilin atipik pnevmoniyası zamanından onlara “zəhər kralları” deyilir. Elm adamları hələ də belə “yoluxdurucu” səbəbləri dəqiq müəyyənləşdirməyiblər”.

Akademik Ç.Nanşanın Çindəki rəsmi mətbuat konfransındakı açıqlaması indi hər yerdə müzakirə olunur. Tibb mütəxəssisinin dediyinə görə, superinfektorların meydana gəlməsi üçüncü böyük miqyaslı koronavirus dalğasına səbəb ola bilər (birinci dalğa heyvandan insana, ikinci dalğa insandan insana).

Qeyd edilir ki, “superinfektor” anlayışı 2003-cü ilin atipik pnevmoniya (SARS) epidemiyasından bəri istifadə olunur. Onlar koronavirusu ətrafdakı on nəfərdən çox insana ötürürdülər (orta hesabla 2,7 nəfərə). Faktiki olaraq bir “zəhər kralı”nın yüzdən çox insanı yoluxdurduğu, bütün xəstəxananın işini iflic etdiyi və ailəsinin bütün üzvlərini məhv etdiyi kimi hallar var.

Bu cür fenomenlərin təbiəti hələ etibarlı şəkildə tədqiq edilməyib. Yazırlar ki, superinfektorlar zəif immuniteti olan yaşlı insanlar olur. Və yaxud əksinə, superinfektorlar çox yaxşı immuniteti olan şəxslərdir. Belə ki, virus müqavimət göstərən orqanizmlə mübarizədə “xüsusi güc toplayır”.

Çinin ən məşhur “zəhər kralları”ndan biri dəniz məhsullarının satıcısı Çjou Tsuofendir. Onun faciəli əhvalatı diqqət çəkir.

Quançjouda yaşayan Ç.Tsuofen 2003-cü ilin yanvarında SARS virusuna yoluxub. O, dostları və yaxınları (həyat yoldaşı, valideynləri və iki oğlu) da daxil olmaqla ümumilikdə 130 nəfəri yoluxdurub. Onun yoluxdurduğu doqquz xəstə, o cümlədən qayınanası ölüb. Ancaq özü sağ qalıb. Bundan sonra “zəhər kralı” evini satmalı, köçməli, telefon nömrəsini dəyişdirməli və gizli şəkildə dəniz məhsulları satmalı idi – çünki rəsmi olaraq çətin ki, kimsə ondan nəsə alsın.

Akademik Çjun Nanşan koronavirusla bağlı superinfeksiya qorxusundan əbəs yerə danışmayıb – o deyib ki, dekabrın sonunda Uxandakı xəstəxanalardan birinin neyrocərrahiyyə şöbəsində digər xəstəlikdən müalicə zamanı bir pasiyent qızda koronavirus aşkarlanıb. O, 14 tibb işçisini yoluxdurub. Bu, səlahiyyətli şəxslərin epidemiya təhlükəsini hələ rəsmi olaraq elan etmədiyi bir vaxtda baş verib.

Aparıcı Çin mütəxəssisləri etiraf edirlər ki, virusun davranışı tam öyrənilməyib. Bununla yanaşı mütəxəssislər onu da bildirirlər ki, virus yayadək şiddətini qoruyub saxlayacaq və necə deyərlər, biz prosesi müşahidə edəcəyik.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər