Çin tərəfi yeni koronavirus genini rus mütəxəssislərinə göndərib. İki ölkənin alimləri peyvənd hazırlanması ilə məşğul olacaqlar.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın Quançjoudakı Baş Konsulluğundan məlumat verilib.
Yeni virus geninin Rusiya alimlərinə ötürülməsinin qısa müddət ərzində ekspress-testlərin üzərində işlənilməsinə imkan yaratdığı qeyd olunur. Bu, iki saat ərzində insan orqanizmində virusun aşkarlanmasına imkan verib.
“Rusiya və Çin mütəxəssisləri peyvənd hazırlamağa başladılar”, – deyə Baş Konsulluğun “VKontakte”dakı səhifəsində bildirilib.
Açıqlamada, həmçinin, Rusiyanın Çindəki səfirliyinin Çin hakimiyyəti ilə yalnız Hubey əyalətində – epidemiyanın episentrində olan vətəndaşları təxliyə etmək üçün çalışdığı bildirilib.
Bundan əvvəl “Rospotrebnadzor” Rusiyada koronavirus infeksiyası hallarının qeydə alınmadığını bildirmişdi.
Rusiyanın Pekindəki səfirliyi virusun intişar tapdığı Çinin Hubey əyalətindəki 177 rusla əlaqə qurduğunu da açıqlayıb.
Son rəsmi məlumatlara görə, Çində virusa yoluxanların sayı 5974-ə çatıb, ölənlərin sayı isə 132 nəfərdir.