Ermənistanın hakim “Mənim Addımım” Partiyası Baş nazir Nikol Paşinyanı istefaya çağıran Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, general Artur Vanetsyana etiraz edib.
Teleqraf.com xəbər verir ki, parlamentdəki “Mənim Addımım” fraksiyasının üzvü Ayk Kondcoryan Vanetsyanın siyasi kapitalının olmadığını, açıqlamalarının səthi xarakter daşıdığını bildirib.
“Mənim Addımım” fraksiyasının rəhbəri Lilit Makunts isə qeyd edib ki, Təhlükəsizlik Şurasının sabiq rəhbəri siyasi fəaliyyətə başlamaq niyyəti barədə açıqlama verməyincə, hakim partiya onun ifadələrinə heç bir reaksiya göstərməyəcək.
Artur Vanetsyan isə “Mənim Addımım” Partiyasını yeni namizəd axtarmağa çağırıb. O, qiyam yolu ilə hakimiyyəti ələ keçirmiş Paşinyanın iqtidardan getməsinin vaxtının çatdığını bildirib.
Əlavə edək ki, Rusiyanın hakim siyasi elitasına yaxınlığı ilə seçilən general Vanetsyanın bir müddət əvvəl keçmiş hakim partiya Respublikaçı ilə anlaşması haqda məlumat yayılıb. İddiaya görə, partiya rəhbəri Serj Sərkisyanla bir araya gələn general Paşinyan hökumətinə qarşı yeni siyasi koalisiyanın qurulmasını nəzərdən keçirir.