Çinin Vuhan şəhərindən dünyaya yayılmağa başlayan koronavirusla bir ay içərisində 50 milyondan çox insanın yoluxacağı və bir milyondan çox insanın həyatını itirəcəyi iddia edilir.
Teleqraf.com İhlas Xəbər Agentliyinə (iha.com.tr) istinadən bildirir ki, XXI əsrin xəstəliyi olaraq təqdim edilən koronavirus ölkədən-ölkəyə yayılmaqda davam edir.
Dünya çapında 15 ölkədə 89 nəfərdə virus olduğu təsbit edilərkən, Çinin Səhiyyə Nazirliyi elan edib ki, ölkədə virusa yoluxanların sayı 6157 nəfərə çatıb.
Mütəxəssislər koronavirusun 2002-2003-cü illərdə Çindən dünyaya yayılan və 800 nəfərin ölümünə səbəb olan SARS virusundan daha təhlükəli olduğunu qeyd edirlər. Rəsmi rəqəmlərə görə, hələlik bu virusa yoluxanlardan 132 nəfər ölüb.
Hər gün yüzlərlə yeni virusa yoluxmalar haqda xəbərlər açıqlanarkən, bu yayılma sürəti ilə bir ay içərisində 50 milyondan çox insanın epidemiyaya bulaşacağı, bir milyondan çox insanın həyatını itirəcəyi təxmin edilir.
Virusun vətəni olan Çində isə çaxnaşma davam edir. Qonşu şəhərlərin sankinləri yollarda barrikadalar quraraq Vuhan sakinlərinin şəhərə və kəndlərə daxil olmasına mane olurlar. Sosial mediadakı görüntülər Pekin adminstrasiyasını hərəkətə keçirib. Polis icazəsiz qurulan barrikadaları dağıdacağını elan edib. Amma bununla paralel olaraq Vuhan şəhərindən gələnlərə görə fərqli şəhərlərdə mitinqlər keçirilir. Son məlumata görə, Vuhan şəhərini 69 mindən çox insan tərk edib. Jinanda isə Vuhandan gələn 4266 nəfər xüsusi düşərgədə yerləşdirilib.