“Çində yaranan və dünyaya yayılan yeni virusun iqtisadiyyata təsirləri göz qarşısındadır. Virusun yayılmasından sonra səhmlər düşməyə, neft ucuzlaşmağa, iqtisadi aktivlik azalmağa başlayıb”.
Teleqraf.com xəbər verir ki, bunu iqtisadi Natiq Cəfərli deyib.
Dünyanın istehlak toplumu olduğunu söyləyən ekspert qeyd edib ki, istehlak azalanda istehsal da, tələb də azalmağa başlayır:
“Çində indi Yeni il bayramlarıdır, hər il yanvarın sonu, fevralın əvvəlində Çin əhalisi bayramlarda bazarlığa, hədiyyələrə, səfərlərə təqribən 100 mlilyard dollar pul xərcləyirdilər, neft məhsullarının il ərzində pik istehlak dövrü də məhz bayram günlərinə düşürdü. İndi isə Çin şəhərləri xəyalətə dönüb, küçələrdə insan yox, səfərlər yox, daxili turizm yox, kafe-resatoranlar boş, dükan-bazarlar alıcısız qalıb.
Bayram günlərində hər il təqribən 10 milyon Çin vətəndaşı xaricə səfər edirdi, onların bu günlərdə xaricdə xərclədikləri vəsaitin həcmi təqribən 15 milyard dollar olurdu, indi bu səfərlər də 80 faiz azalıb”.
Natiq Cəfərli qeyd edib ki, Çin hər il dünyaya 2.2 trilyon dollarlıq mal satır: “Çin iqtisadiyyatının çalxalanması dünya istehlak bazarına mənfi təsir edir, məhz buna görə neft də, səhmlər də düşür. Ən təhlükəli məqam odur ki, koronavirusun inkubasiya dövrü 10-14 gündür, ona görə də ehtimal olunur ki, bu gün yoluxan xəstələrin sayı elan ediləndən azı 10-15 dəfə çox ola bilər”.