Ermənistan Müdafiə Nazirliyində yoxlamalar aparılır.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Dövlət Audit İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Müdafiə Nazirliyində yoxlamaların 2019-cu ilin dekabr ayında başladığı və hələ də davam etdiyi bildirilib. Xüsusilə, nazirlik tərəfindən yanacaq alınması, hərbi geyim və hərbçilər üçün binaların inşası ilə bağlı sənədlər araşdırılır.
Məlumatda qeyd edilib ki, Ermənistanda hakimiyyət dəyişikliyindən sonra Müdafiə Nazirliyində müxtəlif yoxlamalar aparılıb. 2018-ci ilin dekabr ayında Hərbi Prokurorluq Ermənistan Müdafiə Nazirliyinin sistemində sui-istifadə hallarını aşkar edilib.
Müdafiə Nazirliyi ilə təchizatçı təşkilatlar arasında müxtəlif müqavilələrdə nəzərdə tutulmuş 700 milyon dram həcmində öhdəliklərinin yerinə yetirilmədiyi ortaya çıxıb. Toplanan faktlar Ermənistan İstintaq Komitəsinə göndərilib.