31 Yanvar 2020 11:01
847
12 Punto 14 Punto 16 Punto 18 Punto

50 illik üzvlükdən sonra Böyük Britaniya bu gecə Avropa İttifaqından çıxacaq. Lakin “Breksit” prosesi başa çatmır, London və Brüsseli daha bir gərgin müzakirə prosesi gözləyir.

Teleqraf.com xəbər verir ki, tərəflər arasındakı yeni müzakirələr Böyük Britaniyanın ittifaqdan ayrılmasından sonra başlayacaq.

Britaniyada Avropa İttifaqından çıxma prosesi 2016-cı ildə yenidən başlayıb. Həmin il keçirilən referendumda krallıq vətəndaşları ittifaqdan çıxmanın əleyhinə səs vermişdi. Lakin bu, müzakirələrə son qoymadı. Geridə qalan 4 il ərzində məsələ ətrafında həm Britaniya daxilində, həm də Avropa İttifaqında danışıqlar davam etdi.

Bu gün gecə saatlarında isə Britaniya yarım əsrlik üzvlükdən sonra Avropa İttifaqından çıxacaq. Dünən Avropa Parlamenti rəsmi Londonun üzvlükdən çıxış tələbini təsdiq edib. Bundan sonra krallıq Aİ qurumlarında təmsil olunmayacaq.

Amma “Breksit” müzakirələri bitməyəcək. Qarşıdakı 11 ay ərzində, 2021-ci ildən etibarən tərəflər ticarət və digər sahələrdəki əməkdaşlığı hansı formada davam etdirməsinə aydınlıq gətirməyə çalışacaqlar. Bu proses ərzində Britaniya və ittifaq arasında yeni anlaşılmazlıqların yaranacağı istisna edilmir.

Baş nazir Boris Conson gələn həftə Avropa İttifaqı ilə münasibətlərdəki hədəfləri ictimaiyyətə açıqlayacaq.

İttifaqdan çıxmaq haqda qərara münasibət bildirən Conson Britaniya üçün milli müstəqilliyin prioritet olduğunu deyib. Baş nazir ölkəsini Aİ qanunlarına bağlılıqdan tamamilə qoparmaq və münasibətlərin həcmini böyük ölçüdə kiçiltmək istəyir. Avropa Komissiyası isə Britaniyanın Aİ standartlarına bağlı qalmasının tərəfdarıdır.

Aİ “Breksit”lə ən güclü ikinci iqtisadiyyatını və dördüncü ən böyük dəstəkçisini itirdi. Eyni zamanda, bununla BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri və bir nüvə gücü Aİ klubundan ayrılır.

Avropa Parlamentinin üzvü Katerina Barli Britaniyanın ittifaqdan ayrılmasına belə münasibət bildirib: “Londona gedəcəyəm. İngilis qohumlarım və dostlarımla içib sərxoş olacağam, yas saxlayacağam”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər