Kreml ABŞ Dövlət katibi Mayk Pompeonun Kiyevə səfərinə reaksiya verib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Röyter” agentliyi məlumat yayıb.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Kremlin Pompeonun Ukrayna, Belarus, Qazaxıstan və Özbəkistana səfərinin Vaşinqtonun bu bölgədəki təsir dairəsini artırmaq niyyəti olub-olmadığına dair suala belə cavab verib:
“ABŞ-ın bu ölkələrlə münasibətləri var. Rusiya bir çox ölkələrlə dinamik inkişaf edən inteqrasiya prosesləri, inkişaf etmiş ikitərəfli münasibətlər, ticarət və iqtisadi əlaqələrə malikdir. Buna görə də bu səfəri müstəqil bir ölkənin suveren hüququ kimi qiymətləndirirəm. Bu, hər bir ölkənin suveren hüququdur”.
Pompeonun Kiyevdə Rusiyanın Ukraynaya təcavüzünə qarşı sərt ifadələr səsləndirməsinə Peskov bu cavabı verib: “Cənab Pompeonun qarşısında xarici işlər nazirimiz (Sergey Lavrov) var. Bu kimi açıqlamalara qarşı mövqeyimiz bəllidir, bunu burada təkrarlamaq istəmirəm”.
Mayk Pompeo yanvarın 30-da Ukraynaya gəlib. Dövlət katibi səfər çərçivəsində Ukrayna Prezidenti Vladimir Zelenski, xarici işlər və müdafiə nazirləri ilə görüşüb.