2 Fevral 2020 13:57
989
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirusun yeni növünün episentri olan Çinin Uxan şəhərində virusa yoluxan xəstələrin yerləşdirilməsi üçün inşa edilən mobil xəstəxana istifadəyə hazırdır.

Teleqraf.com xəbər verir ki, yanvarın 25-də başlanılan quraşdırma işləri gündə 3 növbədə aparılıb. Şəhərdə virusa yoluxma hallarının çoxalmasının yaratdığı tələbə əsasən inşa olunan 1000 çarpayılıq xəstəxananın ümumi sahəsi əvvəlcə 25 min kvadratmetr nəzərdə tutulsa da, sonradan layihə dəyişdirilərək, bu rəqəm 34 min kvadratmetrə çatdırılıb. Çin silahlı qüvvələrinin sərəncamına verilən Huoşenşan xəstəxanası fevralın 3-dən başlayaraq xəstələrin qəbuluna başlayacaq. Tibb müəssisəsində ordunun 1600 nəfərlik tibbi personalı xəstələrə xidmət göstərəcək.

Uxanda koronavirus xəstələri üçün digər mobil xəstəxananın inşasının isə fevralın 6-da başa çatması planlaşdırılıb. Layihə üzrə ümumi sahəsi 75 min kvadratmetr olan Leyşenşan xəstəxanası 1600 xəstə qəbul etmək imkanında olacaq.

Qeyd edək ki, bu cür xüsusi mobil xəstəxananın inşası Çində daha əvvəl də həyata keçirilib. Belə ki, 2002-2003-cü illərdə Çində yayılan Şiddətli Kəskin Respirator Sindromu (SARS) ilə əlaqədar paytaxt Pekinin kənarında 7 günə mobil xəstəxana inşa olunmuşdu.


Müəllif: Teleqraf.com