Suriyanın İdlib vilayəti Bəşşar Əsədə məxsus hərbi qüvvələr tərəfindən atəşə tutulub.
Teleqraf.com xəbər verir ki, ölkənin şimal-qərbindəki deeskalasiya zonasının aviasiya zərbələrinə məruz qalması nəticəsində 11 dinc sakin həlak olub.
Suriya müxalifəti bildirib ki, Bəşşar Əsədə məxsus hərbi qüvvələrlə yanaşı, Rusiya aviasiyası da Serakib şəhərini, həmçinin Sermin, Dadih, Merdih, Neyreb yaşayış məntəqələrini atəşə tutub. Bununla yanaşı, hava zərbələrinə Hələb əyalətindəki Daret İzze qəsəbəsi də məruz qalıb.
Suriyanın Mülki Müdafiə İdarəsinin yaydığı məlumata görə, Sermin yaşayış məntəqəsinin atəşə tutulması nəticəsində 8 dinc sakin həlak olub.
Bəşşar Əsəd ordusunun bir sıra yaşayış məntəqələrinə endirdiyi zərbələr nəticəsində daha 3 nəfər ölüb, habelə bir neçə nəfər yaralanıb. Yaralılar xəstəxanalara yerləşdirilib.
Mülki Müdafiə dəstələri dağıntıları təmizləməklə məşğuldur. Bu səbəbdən ölənlərin sayının artacağı ehtimal edilir.