4 Fevral 2020 16:00
7 880
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəşər Əsəd ordusunun Suriyanın İdlib bölgəsində Türkiyənin 8 hərbçisini öldürməsindən sonra gözlər yenidən Ankara-Vaşinqton xəttinə çevrilib. Türkiyənin Rusiya ilə birlikdə Suriya məsələsinə dair apardığı Astana prosesi İdlibdəki olaydan sonra çökdü. Ərdoğan hökuməti türk ordusuna hücumdan sonra yenidən ABŞ-a yaxınlaşmağa başlayıb.

Teleqraf.com Türkiyə KİV-nə istinadən xəbər verir ki, adının açıqlanmasını istəməyən rusiyalı rəsmi İdlibdə baş verən hadisələrin Ankara-Moskva münasibətlərini pozmağa başladığını bildirib.

Türk mediasının iddiasına görə, Rusiya-Türkiyə gərginliyinə yol açan əsas faktor yanvarın 27-də ABŞ Prezidenti Donald Trampın həmkarı Rəcəb Tayyib Ərdoğana telefon zəngi olub. Trampın Ərdoğana zəngindən sonra İdlibdə Moskva-Ankara gərginliyi silahlı qarşıdurmaya çevrildi. Zəngdən bir neçə saat sonra Əsəd ordusu İdlibin Əl-Numan qəsəbəsinə girdi. Bu qəsəbə Heyət Təhrir əl-Şam terror təşkilatının nəzarətində idi. Əsəd ordusunun həmləsinə cavab olaraq, Türkiyə bölgəyə əlavə hərbi qüvvə yığmağa başladı.

Türkiyənin bu həmləsinə ilk dəstək ABŞ-dan gəldi. ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri “700 min qaçqın Türkiyə sərhədində gözləyir”, deyərək prosesi qızışdırdı. Türkiyə ilə yanaşı, ABŞ da Heyət Təhriri terror təşkilatı kimi tanıyır, amma Cefri bu təşkilatın bölgədə təhdid mühiti yaratmadığını dedi. Başqa sözlə, Amerika bölgədə aranın qarışmasına “yaşıl işıq” yandırdı. Halbuki amerikalılar bir müddət əvvəl Heyət Təhririn mövqelərinə qarşı əməliyyat keçirmişdi, xeyli sayda terrorçu həlak olmuşdu.

Türkiyənin ABŞ-a yaxınlaşmasını göstərən ən konkret gedişi isə Ərdoğanın Ukraynaya səfəri oldu. Bundan əvvəl isə tərəflər arasında Ukraynadakı bir tank fabrikinə 200 milyon dollar yardımın ayrılmasını nəzərdə tutan anlaşma imzalanmışdı. Anlaşmadan sonra Ərdoğan Rusiya ilə savaş vəziyyətində olan Ukraynaya səfər etdi. Bu günədək Krımın Rusiyaya ilhaqı məsələsinə məsafə saxlayan Ərdoğan, bölgənin Rusiyaya birləşdirilməsini qəbul etmədiyini bildirərək, Moskvaya sərt reaksiya göstərdi.

Rusiya ilə gərgiliyin pik həddə qalxdığı vaxt Türkiyənin ABŞ-a yaxınlaşdığını göstərən digər bir önəmli faktor isə Astana prosesinin əsas tərəflərindən biri olan İran və Türkiyə arasında yaşanan, amma gündəmə çıxarılmayan çox kritik bir gəlişmə oldu. Türkiyənin nəzarətindəki Azad Suriya Ordusu Hələbdə İran ordusunun (SEPAH) bölgədəki komandirlərindən olan Əsgər Paşapuru qətlə yetirdi. Paşapur bir müddət əvvəl amerikalı hərbçilər tərəfindən qətlə yetirilən general Qasım Süleymaninin yaxın dostu idi.

Ankara Moskvadan uzaqlaşdıqca, ABŞ-dan Türkiyə lehinə xəbərlər gəlməyə başladı. Əvvəlcə Nyu-York məhkəməsi Vaşinqton və Ankara arasında gərginliyə səbəb olan “Halkbank” prosesini müvəqqəti olaraq dayandırdığını açıqladı. Bundan sonra rəsmi Vaşinqton açıqlama yayaraq, Rusiya-Əsəd ordusunun hücumunda türk hərbçilərinin həlak olmasına görə Ankaraya başsağlığı verdi. Üstəgəl, ABŞ-ın bu prosesdə bir müttəfiq kimi Türkiyənin yanında dayandığı ifadə edildi.

Rusiya Federal Şurasının Xarici Əlaqələr Komitəsinin sədri Konstantin Kosaçev isə İdlibdə baş verənlərin Moskvanı narahat etməyə başladığını bildirib:

“Rusiya və Türkiyə arasındakı anlaşmalar ciddi gərginliyə səbəb olur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər