5 Fevral 2020 09:05
2 790
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 6-da “əsas sovet fərarisi” adlandırılan KQB mayoru Viktor Şeymovun ömrünün 74-cü ilində ABŞ-da öldüyü məlum oldu. 70-ci illərin sonlarında gənc, təhsilli və perspektivli təhlükəsizlik işçisi Sovet İttifaqının gizli materiallarına ən yüksək dərəcədə çıxış əldə etmişdi. Və bəlkə də buna görə Brejnevin durğunluq atmosferi onu digər həmvətənlərindən daha çox məyus etmiş, ruhdan salmışdı. Şeymov KQB-nin Papa II İohann Pavelə sui-qəsd hazırladığını biləndə hərəkətə keçməyə qərar verir. Amerikalılar əməkdaşlıq üçün ona bir milyon dollar söz verirlər və Şeymovun ailəsi ilə birlikdə ABŞ-a göndərilməsi üçün riskli əməliyyat keçirirlər. Bununla belə, mayorun həmkarları uzun müddət onun qaçışı barədə belə düşünməmiş və onun forma geyən qulyabanıların qurbanı olduğunu düşünmüşdülər.

Teleqraf.com ”Lenta.ru”ya istinadən ən qiymətli sovet fərarisinin detektiv hekayəsini təqdim edir.

Sovet sirləri

Viktor Şeymov 9 may 1946-cı ildə Moskvada anadan olub. Ailəsi sovet standartlarına görə, firavan və hörmətli idi: atası mühəndis, anası həkim-kardioloq. Şeymov 45 nömrəli orta məktəbi – o dövrdə paytaxtın ən yaxşı məktəblərindən birini bitirib. Sonra isə Bauman adına Moskva Ali Texniki Məktəbinə daxil olub. Viktorun oxuduğu xüsusi şöbə raket və kosmik gəmilərin öyrənilməsi ilə məşğul idi.

1969-cu ildə 23 yaşlı məzun Müdafiə Nazirliyinin 50 nömrəli qapalı Mərkəzi Elmi-Tədqiqat İnstitutuna gəlir. “İnstitutun məqsədi kosmosdan hərbi məqsədlər üçün istifadə edilməsini araşdırmaq idi”, – bunu 1990-cı ildə “Vashinqton Post” qəzetində dərc olunan müsahibəsində deyirdi. İnstitutda gənc mütəxəssis yeni raketlər üçün infraqırmızı sistemlərin hazırlanması ilə məşğul olurdu ki, bununla da sovet kosmik gəmiləri düşmən peyklərini vurmalı idi. Ancaq bu layihə kağız üzərində qaldı.

Şeymov işi bəyənir, amma 1971-ci ildə onun həyatında kəskin dönüş baş verir: ona rabitə və kriptoqrafiya ilə məşğul olan KQB-nin 8-ci Baş İdarəsində xidmətə başlamaq təklif edilir. O illərdə belə təkliflərdən imtina etmək qəbul edilmirdi. Viktorun vəzifələri sırasına sovet səfirliklərində və xarici KQB rezidensiyalarında informasiya təhlükəsizliyi sistemlərinə texniki xidmət göstərmək də daxil idi. Və 1974-cü ildə perspektivli zabit yaxşı tövsiyə məktubu ilə KQB-nin 1-ci Baş İdarəsinə gətirilir. O, KQB-nin xaricdəki bütün kəşfiyyat əməliyyatlarını kurasiya edir. Viktor KQB-nin bütün dünyadakı rezidensiyalarından gələn trafiki izləyən rabitə xidmətinin əməkdaşı olur.

Şeymovun vəzifələrinə Siyasi Büronun üzvləri üçün hesabatlar hazırlamaq da daxil idi – bunun sayəsində o, KQB-nin bütün dünyada keçirdiyi gizli əməliyyatlar barədə məlumat əldə edir. Digər əməkdaşlarla birlikdə o, sovet xüsusi xidmət orqanlarının xüsusi agentləri və əməliyyatları haqqında məlumat almaq istəyən yüksək rütbəli KQB zabitlərinin xüsusi sorğularını qeyd edən qeydiyyat jurnalı tərtib edir.

Şeymov sonradan xatırlayır ki, belə gizli teleqramların birində sovet baletinin ulduzu – 1961-ci ildə Qərbdən qayıtmayan və anti-sovet mövqeyi ilə məşhurlaşan Rudolf Nureyevin taleyi müzakirə edilib. KQB Nureyevə qarşı əməliyyat keçirmə ehtimalını nəzərdən keçirib, bu əməliyyat zamanı xüsusi xidmət əməliyyatçıları onun ayaqlarını sındırmalı idi. Şeymovun sözlərinə görə, KQB-də 1964-cü ildə Qərbə qaçan 2-ci xüsusi xidmət Baş İdarəsinin əməkdaşı Yuri Nosenkodan qisas almaq barədə də söhbətlər gedirdi. Qətldə istifadə olunacaq silah ssenarilərdən birinə görə, Nesenkonun avtomobilinə zəhərli iynə yerləşdirilməli idi.

Sistemə zərbə

1976-cı ildə 30 yaşlı Viktor Şeymova yenidən rabitə təhlükəsizliyi, o cümlədən kodların qırılması və əks-kəşfiyyat həvalə edilir. KQB-nin xüsusi təyinat zabiti olaraq o, çox həssas məsələləri həll edir. SSRİ-nin Pekindəki səfirliyini çinlilərin dinləməsini ifşa etdikdən sonra Şeymov KQB-nin ən gənc mayorlarından biri oldu: onun xüsusi xidmət oranlarında karyerası sürətlə yüksəlməyə başladı.

Şeymov üçün dönüş nöqtəsi 1979-cu il idi. Bu vaxta qədər o həm KQB, həm də sovet quruluşundan əsaslı şəkildə məyus olmağa müvəffəq oldu:

“Bu cəmiyyətin (sovet) məhsulu olaraq, uşaqlıqdan mənim beynim yuyuldu. Mən çox sadiq kommunist, olduqca vətənpərvər idim. Ancaq KQB-də işləyərək siz etibarlı dairələrin dar çevrəsinə daxil olub obyektiv məlumat almağa başlayırsınız və bu, əvvəllər öyrədilənlərə ziddir. Siz KQB-nin üzdə nə etdiyini görə bilərsiniz: o, mütləq sovet insanlarını qorumalıdır, amma bu, belə deyil. KQB onlara və bütün dünyaya qarşı işləyir. İndi məqsədim kommunist sisteminə maksimum zərbə vurmaq idi”.

Mümkündür ki, Şeymovun qərarına yalnız kommunist ideyalarından məyus olmağı təsir göstərməyib: bəzi məlumatlara görə, o, ehtiyatsızlıq edərək sovet sisteminin üstünlüyünü açıq şəkildə şübhə altına alan dostu və xidmət yoldaşının öldürülməsində KQB əməkdaşlarından şübhələnməyə başlamışdı. Ancaq o, şokedici məlumat əldə etdikdən sonra qəti qərarını verdi: KQB əməkdaşları Roma Papası II İohann Pavelin fiziki olaraq aradan qaldırılması ehtimalı üzərində çalışırdılar.

“Siz istənilən əmri icra etməlisiniz”

Viktor Şeymov KQB-nin Roma Papasını aradan qaldırmaq planları haqqında Varşavada işlədiyi zaman təsadüfən məlumat alır: o, yerli rezidenturaya rəhbərlik edən generalla görüşdə idi, bu zaman onların yanına polkovnik Solovyov gəlir. Qonaq həyəcanlı görünürdü və KQB-nin o vaxtkı rəhbəri Yuri Andropovun imzaladığı təcili teleqram barədə məlumat verir.

“Teleqramda deyilirdi: “Papaya fiziki olaraq necə yaxınlaşa biləcəyinizə dair bütün məlumatları əldə edin”. Bunun nə demək olduğunu hamı bilirdi: onlar (KQB əməkdaşları) papanı öldürmək istəyirdilər”, – Şeymov xatırlayır. O, bu barədə hələ 1978-ci ildə II İohann Pavelin yenicə pontifik seçildiyi zaman məlumatlı idi. Yuri Andropov KQB-nin Varşava iqamətgahının başçısına göndərdiyi teleqramda şikayətlənirdi: “Siz sosialist ölkəsinin vətəndaşının papa seçilməyinə necə imkan verə bilərsiz?” Baş çekistin əvvəldən Roma Katolik Kilsəsi rəhbərinin kimliyindən narazı qalması Şeymovun şübhələrini daha da artırırdı...

(Ardı var)


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər