5 Fevral 2020 15:31
911
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan Vahid Milli Hərəkat Partiyasının (Mixail Saakaşvili) nümayəndələri, eləcə də onlara qoşulan digər partiyaların və gənclər təşkilatlarının üzvləri paytaxt Tiflisdə parlamentin binası qarşısında etiraz aksiyalarına başlayıb.

Teleqraf.com xəbər verir ki, etirazçıların Gürcüstan hökumətindən əsas tələbi il ərzində erkən parlament seçkilərinin keçirilməsidir.

Polis qüvvələri mitinqin başladığı məkana səfərbər edilib.

Aksiyanın təşkilatçılarından biri olan Yeni Gürcüstan Partiyasının sədri Geori Vaşadze tələbləri yerinə yetirilənədək aksiyalara davam edəcəklərini açıqlayıb:

“Bununla biz bu il dinc etiraz mərhələsini açırıq. Ötənilki etiraz bizə ciddi nəticələr verdi: cəmiyyətin və Qərbin hərtərəfli dəstəyi var”.

Etirazçılar parlament binasına girən hakim “Gürcü Arzusu” Partiyasının deputatlarına qarşı “Ayıb olsun”, “Qullar”, “Kölələr” kimi şüarlar səsləndiriblər.

Aksiyada iştirak edən müxalifət partiyası “Avropa Gürcüstanı Azadlıq Hərəkatı”nın liderlərindən biri Gigi Bokeriyanın sözlərinə görə, hakim “Gürcü Arzusu” erkən seçkilər keçiriləcəyi halda uduzacaq, çünki təküzvlü dairələrdə müxalifət vahid namizədlə qatılacaq:

“İvanişvili bu pis sistemdə erkən seçki keçirmək qərarına gəlsə, biz hazır olacağıq. Hər şey ilk turda bitəcək. Ancaq bu anormal ssenaridir. Normal ssenari proporsional seçkilər və siyasi qüvvələr arasındakı rəqabətdir”.

O, həmçinin əlavə edib ki, müxalifət Tiflislə yanaşı, bölgələrdə də aksiyalar keçirməyi planlaşdırır.

Mənsur Rəğbətoğlu


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər