Ermənistan Milli Təhlükəsizlik Şurasının keçmiş direktoru Artur Vanetsyan bir sıra erməni media qurumlarının rəhbərləri ilə keçirdiyi söhbətin nəticələrini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, general görüşdə media rəhbərlərinin suallarını cavablandırdığını bildirsə də, hansı mövzular ətrafında müzakirələrin getdiyini deməyib.
“Qəzetlərin baş redaktorları ilə danışdım və onların suallarını cavablandırdım. Digər media qurumlarının rəhbərləri ilə də müntəzəm görüşlər keçiriləcək” - deyə Vanetsyan qeyd edib.
Artur Vanetsyan 2019-cu ilin sentyabrında Nikol Paşinyan hökumətinə etiraz olaraq istefa verib. O, Paşinyan administrasiyasını “təcrübəsiz” və “həvəskar” adlandırıb.
Baş nazir Nikol Paşinyan keçmiş kəşfiyyat şefinin açıqlamalarını şərh edərək, Vanetsyanın təkcə onun rəhbərliyinə deyil, ali baş komandana qarşı yönəldilmiş sözlərini nəzərə alaraq onu “yersiz məmur” adlandırıb.
Bu günlərdə isə generalın siyasətlə məşğul olacağı barədə xəbərlər yayılıb. Vanetsyan bu məlumatı təkzib etməyib. Siyasi fəaliyyətə başlaya biləcəyini deyib, amma bu günə qədər bu fəaliyyəti ilə bağlı məlumat yoxdur.
Erməni mediası Vanetsyanın mövcud hakimiyyətə qarşı gizli siyasi plan hazırladığını istisna etmir. Məlumatda generalın bir sıra erməni media qurumlarını bu məqsədlə öz ətrafına səfərbər etməyə çalışdığı da iddia olunur.